AZ   |   RU
Laçında unikal yaradıcılıq studiyası - Missiya REPORTAJ


Laçında Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaq məqsədilə unikal yaradıcılıq məkanı yaradılıb. “Hoçazfilm” yaradıcılıq studiyası adlanan bu layihənin adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. 


Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti və imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.


“Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqları ilə  əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Studiyanın tərkibində “Hochaz Hotel” və “Hochaz Kafe” də fəaliyyət göstərəcək.


"Hoçazfilm"in texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi əsasında hazırlanmış əl işidir. Bütün bunlar kino və digər kommersial çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı ,faydalı əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir. Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub.


Bu il avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər.


Laçına səfərimiz zamanı biz də "Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda olduq. Burada film istehsalı üçün hərtərəfli şərait yaradılıb. Artıq film istehsalçılarımız məsələn ,təyyarə salonunda çəkiliş aparmaq üçün Aviasiya şirkətlərinə böyük məbləğlərdə vəsait ödəməyəcəklər. Çünki “Hoçazfilm”in pavilyonunda yaradılmış təyyarə salonu dekoru real təyyarə salonundan qətiyyən fərqlənmir.




  • 20-11-2023, 15:57