AZ   |   RU
Hərbi parad Qələbəmizin, zəfərimizin tarixi təsdiqidir


8 Noyabr - Zəfər bayramı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan əlamətdar bir gün. Sevinc və fərəh dolu bu əziz günü xalqımıza Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qazandığı böyük uğurları, zəfərləri ilə bəxş etdi. Məhz həmin gün erməni işğalına son qoyuldu, düşmən təslim oldu, Qarabağın tacı olan Şuşa şəhərində qələbə bayrağımız dalğalandı.



3 ildir ki, xalqımız bu günün təntənəsi ilə yaşayır. İndi Zəfər bayramı hər yerdə böyük əhval-ruhiyyə ilə qeyd olunur. Bu tarixi günün 3-cü ildönümü isə daha əlamətdardır. Məhz bu il xalqımız Zəfər bayramını Xankəndidə qeyd edir.


2023-cü il 19-20 sentyabr tarixində cəmi 24 saat ərzində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suveren hüquqları tam bərpa edildi, erməni separatçılarının məkrli niyyətləri və xülyaları tarixin qaranlığına qərq oldu, erməni seperatizmi üzərində mütləq qələbə çalındı.


Ali Baş Komandanımız cənab İlham Əliyev 15 oktyabr tarixində Ağdərədə, Xocavənddə, Xocalıda, Əsgəranda və Xankəndidə müqəddəs üçrəngli bayrağımızı qaldırdı, bu son idi, düşmən üzərində çalınan qələbənin sonu, sevinc və qürurumuzun riqqətə döndüyü dəqiqələr.


8 Noyabr 2023-cü il də tariximizə böyük hərflərlə yazılacaq. Çünki bu tarixdə düşmən üzərində qazanılmış qələbədən 3 il sonra həmin gün - Zəfər Günü münasibətilə Xankəndi şəhərinin mərkəzində hərbi parad keçirildi. Xalqımız qürur dolu bir gün yaşadı. 


Xatırladaq ki, Xankəndidə hərbi parad 104 il əvvəl - 1919-cu ilin iyul ayında keçirilmişdi. Deyirlər ki, tarix təkrar olunur. 104 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu uzun illər torpaqlarımızı işğalda saxlayan düşməni məhv etdi. Oktyabrın 15-də Azərbaycan Prezidenti Xankəndidə üçrəngli bayrağımızı dalğalandırdı. Zəfər Günü - 8 Noyabrda Qarabağımızın böyük şəhərində hərbi parad keçirildi. Azərbaycan bayrağı ölkəmizin ayrılmaz hissəsi olan Qarabağda yenidən böyük əzəmətlə dalğalandı. Qarabağ torpağı doğma sakinlərini böyük sevinclə qoynuna aldı. Həm hərbi paradı qəbul edən Müzəffər Ali Baş Komandan İlham Əliyev çox qürurlu görünür, həm hərbçilərin əllərindəki bayraq, həm də əsgərlər. Bu, belə də olmalıdır, çünki bu gün Zəfər Günüdür, Qələbə Günüdür. 


Çoxdan bəri gözlədiyimiz qürurverici səhnələrə kövrək hisslərlə baxdıq. Qanlı döyüşlərdən qalib çıxmış müzəffər ordumuzun tarixi torpaqlarımızda hərbi paradını izləmək çox sevindirici idi. Biz bu günü, bu anı illərdən bəri gözləyirdik. Artıq Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarət və hünərləri ilə xalqımızın arzularını, xəyallarını reallığa çeviriblər.


Azərbaycan xalqı 8 Noyabr - Zəfər Günündə tarixi anlar yaşadı. Qələbəmizin, zəfərimizin təsdiqi olan hərbi parad Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Daim qürurla xatırlanacaq.


Dilqəm Əlirzayev Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı



  • 11-11-2023, 10:09