AZ   |   RU
10 noyabr-Qələbə Bəyanatı


Bu Bəyanat, ilk növbədə Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirən sənəddir və mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.


 Cəmi 44 günə Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü.Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. 


Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.


Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. "Bəyanatda tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. 


Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.


 Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! “Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.


Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. Biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq."


Bu bəyanat bizim şanlı qələbəmizdir. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla,ordumuzla! Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib.


Səbinə Kazımova- Gənc Jurnalist



  • 10-11-2023, 17:08