AZ   |   RU
İlham Əliyev: "Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”

"2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev "2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm" deyib.


Qəhrəman Qasımov 
Qarabağ veteranı, Əməkdar müəllim


  • 5-11-2023, 21:02