Son zamanlar sosial şəbəkələrdə iranmeylli şəxslərin aktivlik nümayiş etdirməsi müşahidə olunur. Zamanlamaya diqqət yerisək bunun təsadüfi olmadığını görə bilərik. İranın sosial şəbəkələr üzərindən də şəbəkəlşməsi və zaman-zaman dini inancı olan insanları provakasiyaya çəkməsi heç kəsə sirr deyil.
İrandan maliyyələşən bir qrup “troll” dəstəsi daim peşəkar şəkildə cəmiyyətdə qarşıdurma yaratmağa hesablanan addımlar atıb. Budəfəki kampaniyada “trollar” sosial şəbəkələrdə İranın maraqlarına zidd olan informasiya və postları izləyir və qrup şəklində həmin paylaşımlara rəy bildirir, konkret olaraq İranın təəssübkeçliyini çəkirlər. “Troll” dəstələrində daha çox gənclər cəlb edilib, onların arasında qadınlara da rast gəlinir. Həmin şəxslərin profillərinə diqqət yetirdikdə aydın olur ki, profil və ya səhifə “feykdir” orada ancaq və ancaq molla rejiminin siyasətinə haqq qazandıran fikirlər yer alır. Məlumatlara görə həmin bu sosial şəbəkə “desantları” və “diversantları” bilavasitə iranın kəşfiyyat orqanları tərəfindən idarə olunur və onlara bu işə görə maliyyə dəstəyi də göstərilir. Yazdıqları rəylər əsasən eyni məzmunda olur ki, bu da dəstələrin xüsusi tezislər əsasında işlədiklərini deməyə əsas verir.
İsrail-HƏMAS qarşıdurmasından sonra isə bu cür “troll” dəstələrinin aktivliyi daha da artıb. Məqsəd inanclı insanları manipulyasiya etmək və qızışdırıcı addımlar atmaqdır. Bu da çox təhlükəli oyundur. Burada İsrail-HƏMAS qarşıdurması üzərindən emosiyaları körükləmək və etnik zəmində problem yaratmaq ssenarisi ön plana çıxır. Xüsusilə Dağıstandakı olaylardan sonra əhali son dərəcə diqqətli olmalıdır. Unutmamalıyıq ki, sülh danışıqları ilə bağlı prosesi pozan qüvvələr var və bu dönəmdə birlik və bərabərliyimiz həyati əhəmiyyət daşıyır. Stabilliyin pozulması üçün hər cür addımlar atıla bilər və vətəndaşlar olaraq bu istiqamətdə sayıqlığımızı itirməməliyik.
Missiya.Az