AZ   |   RU
Ali hərbi məktəbdən ali məqama doğru....

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, memarı olduğu müstəqil Azərbaycan öz gücünü, qüdrətii dünyaya göstərə bildi. Ulu Öndərin layiqli davamçısına olan güvəni xalqı “Dəmir yumruq” ətrafında sıx birləşdirdi. Eyni zamanda xalqımıza seçimdə yanılmadıqlarını göstərdi.

Azərbaycan xalqı həm də Möhtərəm Prezidentimizin qətiyyətini, sarsılmaz iradəsinin, cəsarətinin bir daha şahidi oldu. Bütün dünyanı heyrətə gətirən şanlı ordumuzun sərkərdəsi 44 gündə öz adını Azərbaycan tarixinə ən şanlı və Müzəffər sərkərdə kimi qızıl hərflərlə əbədi həkk etdi. Bütün dünya Ali Baş Komandanımızın Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsini və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərb meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazandığını bir daha gördü. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin qisası alındı.

Belə bir şanlı ordunun əsgəri olmağın fəxarətini yaşadı gənclər. Qüdrətli sərkərdənin ordusunda savaşmaq qürurverici idi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması hamı kimi Səidin də arzusu idi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Atası Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi. 1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşırlar. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə böyük ziyan dəyir. Kiçik Səidin də ömrünə məcburi köçkünlük düşür.

Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi. Könlündə bitməz-tükənməz arzular vardı. Gələcəyi üçün planlar qurur, məqsədinə çatmaq üçün bütün səyiylə çalışırdı. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Dövlətin etimadını qazanan Səid Rəşidzadə hərbi həyatında qüsursuz xidmət göstərməyə çalışırdı. 2016-cı ilin Aprel döyüşlərində general Polad Həşimovla çiyin-çiyinə savaşırdı. Belə bir insanla bir yerdə vuruşmaq onun ümçün böyük məktəb, böyük praktika idi. Səid bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunur. Lakin Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edir. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanır. Hadrutun azadlığı uğrunda qanlı döyüşlərdə savaşan Səid Rəşidzadə ona verilən bütün tapşırıqları qeyd-şərtsiz yerinə yetirir. Döyüş zamanı yaralı, şəhid düşən yoldaşlarından da diqqətini ayırmırdı. Artıq zəfər qaçılmazdı. Azərbaycan ordusu işğalçıları torpaqlarımızdan qovub çıxarırdılar. Hər rayonun, hər kəndin işğaldan azad olunması əsgərlərə böyük sevinc, stimul verir, onlar döyüşlərə daha böyük həvəslə, qisas hissilə atılırdılar. Narahat ruhlar sakitləşir, vətən göylərindən qara buludlar çəkilirdi. Oktyabrın 11-də Hadrut qəsəbəsində qızğın döyüşlər gedirdi. Əlində Azərbaycan bayrağıyla hayqıraraq meydanda irəliləyən Səid Azərbaycan bayrağını sancan zaman mənfur düşmənin gülləsinə tuş gəlir. Qəhrəmancasına həlak olan hərbçimizin ruhu vətən göylərinə çəkilir. Ən ali məqama yüksəlir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səid Rəşidzadə ölümündən sonra "Vətən uğrunda" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.

Doğma yurdu Füzuli rayonunda dəfn olunan şəhidimizin adı Azərbaycanın şanlı tarixinə həkk olunur.

Atası Nofəl onun barəsində belə deyir:” Səid yaşda olanda mən Fizulinin

icra başçısı idim. İşğal başlayanda ərazi müdafiə qərargahının başçısı olmuşam. Hər gün Səidin bayrağı asdığı yerdə erməni bayrağını görüb pis olurdum. Birinci Qarabağ müharibəsində üç dəfə hücum etdik, 18-20 şəhid verdik, ancaq həmin postu azad edə bilmədik. 30 ildən sonra Səidgil Hadrutun girəcəyində Şişqaya yüksəkliyindəki postu azad ediblər. Orada erməni bayrağı olub. Səid Beyləqanda olan onun könüllü dəstədən olan dostları bayraq hədiyyə ediblər. O, bayrağı qoynunda gəzdirirdi ki, haranı azad etsək ora sancacağam. Onlar postu azad etsələr də, erməni əsgərləri dayanmadan atəşə tutublar oranı. Səid deyib ki, mən Azərbaycan zabitiyəm, erməni bayrağı altında dura bilmərəm, bayrağı dəyişməliyəm. Əsgərləri “komandir, səni qarşı tərəfdən vuracaqlar” deyib onu saxlamaq istələr də Səid dayanmayıb. Deyib, “vursalar da qorxmayın, kömək gələcək”. Dirəyə yaxınlaşıb bayrağı asanda onu snayperlə vurublar. Tez bir zamanda kömək gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, şəhid olandan sonra yoldaşları Səidin adını bayrağa yazıb, dirəkdən asıblar. Səid uşaq vaxtından bayraqla böyüyüb. “Qarabağ” futbol klubunun və Azərbaycanın bayrağı başının altında olmasa yatmırdı. Bayraq uğrunda da şəhid oldu”.

Torpaq o vaxt vətən olur ki, onu sevən insanı, onu sevən xalqı olur. Bu xalqın yetişdirdiyi vətənpərvər nəslin çiyinlərində, ürəyində yaşayır Vətən!


Əli
Yazı Türk Ağsaqqalları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş hazırlığının təşkili” layihəsi çərçivəsində hazırlanıb.



  • 21-10-2023, 12:10