Oktyabrın 15-də “Naxçıvansaray”da “Güclü lider: Müzəffər Ali Baş Komandan” mövzusunda tədbir keçirilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mövzu ilə bağlı fotosərgiyə baxıblar.
Sərgidə Prezident İlham Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Qarabağ Zəfərimizi əks etdirən fotolar yer alıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, bu gün İlham Əliyevin prezident seçilməsinin 20 ili tamam olur. Cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin tarixində yeni inkişaf və tərəqqi dövrünün əsası qoyulub. Ümummilli Liderimiz Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətindəki "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" – əminliyini dövlət başçısı əməli fəaliyyəti ilə doğruldub. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaradıb. Məhz bu qətiyyət və siyasi iradə, liderlik bacarığı Qələbə ilə yanaşı, Azərbaycanda Böyük Qayıdışın da təməlini qoyub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən qurulur.
Fuad Nəcəfli dünyaşöhrətli siyasi xadim, qalib lider və tarixi şəxsiyyət İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə muxtar respublika əhalisi və ictimaiyyəti adından təbrik edib, möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Prezident İlham Əliyevin liderlik missiyasından və siyasi fəaliyyətinin müxtəlif istiqamətlərindən danışıblar.
Sonda Naxçıvan televiziyasının hazırladığı Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.