AZ   |   RU
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında memorandum imzalanıb


Sentyabrın 21-də “Sən tək deyilsən” şəhid xanımlarının təhsilinə dəstək layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.




Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həmçinin tədbir çərçivəsində cari il ərzində ali məktəblərə daxil olmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda həlak olmuş şəhidlərin həyat yoldaşları ilə görüş keçirilib.



Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Vətən müharibəsi qəhrəmanlarının həyat yoldaşlarını ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib


O, bu gün Azərbaycanda çox vacib və şərəfli dövr yaşandığını, 30 ildən artıq davam edən münaqişənin son mərhələyə daxil olduğunu söyləyib. Bahar Muradova neçə illər sülh üçün çalışdığımızı və bu gün danışıqların aparıldığı günün bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilməsinin, eləcə də belə bir ərəfədə şəhid xanımlarına dəstək məqsədilə toplaşmağın təsadüf olmadığını vurğulayıb: “Dünən danışıqlara razılıq verilməsi, ağ bayraq qaldırılması, bu gün də bu danışıqların aparılması onu göstərir ki, Azərbaycan doğru yoldadır və onun yeritdiyi siyasət nəinki regionda bütün dünya, müharibə, münaqişə vəziyyətində olan ölkələr, burada yaşayan xalqlar, əziyyət çəkən insanlar üçün vacib nəticələrdir”.



Dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən Bahar Muradova, sosial layihələrin çərçivəsinin getdikcə genişləndirildiyini və həssas təbəqədən olan qruplarla iş istiqamətində həm müvafiq dövlət orqanları, həm biznes qurumları, həm də qeyri-hökumət təşkilatları və mətbuatla əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Sədr, cəmiyyətdə bu və ya digər istiqamətdə uğur qazanmış sahibkarların, iş adamlarının, biznes dairələrinin diqqətini qızların təhsilə cəlb olunması prosesinə yönəltmək üçün 2021-2022-ci illərdə reallaşdırılan “Qızların təhsilinə dəstək” layihəsi barədə danışıb. O, Elm və Təhsil Nazirliyi ilə imzalanmış memorandumun icrası nəticəsində yeni bir fondun - Təhsilin İnkişafına Dəstək Fondunun yarandığını, layihə çərçivəsində aztəminatlı ailələrdən olan qızların təhsilinə dəstək verildiyini əlavə edib.

Eyni zamanda, həmin layihənin icrası prosesində Komitəyə dəstək olan Banklar Assosiasiya ilə əməkdaşlıq işini hüquqi çərçivəyə salmaq məqsədilə memorandum imzalanmasının əhəmiyyətindən danışıb. Komitə sədri, layihə çərçivəsində ötən il 7, bu il isə 8 nəfər olmaqla, ümumilikdə 3 il ərzində 15 şəhid xanımının təhsil müəssisələrinə daxil olduğunu bildirib: “Çox şadıq ki, şəhid xanımlarının bir neçəsi özlərini təhsildə sınadılar və uğur qazandılar. Bu bizi daha da ruhlandırdı”.


B.Muradova, Dövlət Komitəsinin bu günə qədər korporativ sosial layihələr çərçivəsində 2020-ci ildən başlayaraq şəhid ailələrinə dəstək istiqamətində istər regionlarda, istərsə də Bakıda bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Memorandum çərçivəsində reallaşdırılacaq layihələr və tədbirlər barədə söz açan sədr, birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılacağını və təcrübə mübadiləsinin həyata keçiriləcəyini bildirib.



Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış edərək Assosiasiyanın korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən tədbirlərinə diqqət çəkərək, bu istiqamətdə görülən işlərin sistemli xarakter alması, nəticəyönümlü olması və hədəf qruplarının düzgün müəyyənləşdirilməsi məqsədilə belə memorandumların imzalanmasının önəmini qeyd edib.


O memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini və hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini bildirib. Z.Nuriyev qeyd edib ki, memoranduma əsasən, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, korporativ sosial sahədə maarifləndirilmə və sair məsələlər barədə birgə əməkdaşlıq edəcəklər.

Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov layihənin əhəmiyyətinə diqqət çəkib, imzalanan memorandumun tərəflər üçün gözəl bir təşəbbüs olduğunu vurğulayıb.



Daha sonra Vətən müharibəsi qəhrəmanlarının həyat yoldaşları dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğının şəhidlərə ifadə olunan ehtiramın göstəricisi olduğunu bildirib, öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olmasını arzulayıblar.



  • 21-09-2023, 23:45