
Türkiyənin məşhur teatr və kino aktyoru olmuş, əsasən Şaban adı ilə tanınan Kamal Sunalın ailəsinin onun filmlərinə dair açdığı müəllif hüquqları iddiası ölkədə Ali məhkəmə Apellyasiya Baş Məclisinin qərarı ilə yekunlaşıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Haber 7.com" məlumat yayıb.
Bildirilib ki, sənətçinin rol aldığı filmlərin yayımlanması ilə bağlı Sunal ailəsinin qaldırdığı məhkəmə iddiası haqlı tapılaraq ailəyə qonorar ödənilməsinə qərar verilib.
Qeyd edək ki, Türk kino tarixinin unudulmaz adı olan Kamal Sunalın hələ 10 il əvvəl varisləri Ali Sunal, Ezo Sunal Öztüyən və Hafizə Güldərən Sunal vəkilləri vasitəsilə İstanbul 2-ci Əqli və Sənaye Mülkiyyət Hüquqları Mülki Məhkəməsinə müraciət ediblər. Aktyorun filmlərinin kinoteatrdan kənarda yayımlandığını və şirkətin haqsız qazanc əldə etdiyini deyiblər.
"Sabah" qəzetində dərc olunmuş xəbərə görə, müraciətdə Sunalın 1970-1990-cı illərdə rol aldığı 45 filmin kino nümayişləri xaricində illərdir müxtəlif televiziya və bəzi rəqəmsal kanallara satıldığı, sözügedən filmlərin saysız-hesabsız platformalarda göstərildiyi söylənilib və "Müəllif hüququ" olan filmlərin yayımı ilə əlaqədar 3 fərqli şirkətdən iddia tələb olunub. Ərizədə izah edilib ki, cavabdeh şirkət xeyli maliyyə gəliri qazansa da, onun varislərinə qonorar ödənilməyib. İşdən vəkillər vasitəsilə apellyasiya şikayəti verilib. Rayon Məhkəməsi “Müəllif hüququ” işini qismən qəbul etmək qərarına gəlib. Daha sonra Baş Assambleya da müəllif hüquqları işinin qəbul edilməsinə qərar verib və səbəbləri 72 maddəlik sənəddə izah edib.
Vurğulanıb ki, istehsalçılar kompensasiya ödəyəcəklər. Assambleya filmlərin çəkildiyi zaman yalnız kinoteatrlarda olduğunu və aktyorun qonorarını bu çərçivədə aldığını bildirib. Ona görə də kimsə sənətçinin varislərindən icazəsiz kinolar yayımlasa onlara təzminat ödəyəcəklər.
Zərintac Mayisqızı
Missiya.Az