AZ   |   RU
Dövlət başçısı: "Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz"

Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər.

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.

Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: “Yetər artıq! Biz bunu tələb edirik”.

Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: “Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.



  • 20-09-2023, 21:28