AZ   |   RU
Sonda yenə Bakının dediyi oldu - Qətiyyətli mövqe Ağdam-Xankəndi yolunda da Azərbaycana uğur qazandırdı

 
Azərbaycanın bir neçə ay bundan öncə Laçın sərhəd buraxılış məntəqəsini bağlayanda  Ermənistan Qarabağdakı yaraqlılara silah-sursat daşıya və separatizmi dəstəkləməyə davam edə bilməyəcəyini anladı. İrəvan həmin yolun açılması ilə bağlı Bakıya qarşı təzyiq göstərmək üçün “humanitar fəlakət” şousundan istifadə etməyə başladı. Ermənistan siyasi sabotaj yaratmaq məqsədilə Laçın postuna doğru   400 ton “yardım” göndərdi. Ancaq həmin yüklər 2 aya yaxındır ki, orada gözləməkdədir. Yüklərin Qarabağa buraxmayacağını anlayan İrəvan bu məsələni BMT-nin Təhlükəsizlik Şurasının iclasına çıxardı və bu prosesdə də heç bir nəticə əldə edə bilmədi.

Fransa bu məsələdə İrəvanı dəstəkləyən əsas ölkə idi. Fransanın 50 ton yükdən ibarət tırları İrəvandan Laçın postuna doğru istiqamət aldılar. Hətta Paris meri An İdalqo da həmin yükləri müşaiət edərək, oraya yollandı. Hər zaman Fransadan erməni lobbisinin təsiri ilə böyük dəstək alan İrəvan Laçın postunun açılacağına ümid edirdi. Ancaq Azərbaycan tərəfi burada qətiyyətli mövqeyindən geri çəkilməyərək, həmin yolun açılmayacağını bəyan etdi.

Rəsmi Bakı Laçın postunun bir şərtlə açılacağını Ermənistan və bir sıra dövlətlərin diqqətinə çatdırdı: Ağdam-Xankəndi yolu açılacağı təqdirdə Laçın postu paralel şəkildə açıla bilər. Azərbaycan Ermənistanın Qarabağda “humanitar fəlakət” yaşanır sabotajına isə 2 tırdan ibarət olmaqla 40 ton humanitar yükü Ağdam-Xankəndi yoluna göndərməklə cavab verdi. Ancaq buna baxmayaraq, ermənilər Bakının göndərdiyi yükü qəbul etmədilər.

Görünən o idi ki, onların qarınları heç də ac deyil burada əsas məqsəd siyasi şou yaratmaqdır. Azərbaycan tərəfi isə qəti prinsipiallıq mövqeyi ortaya qoyaraq bildirdi ki, Ağdam-Xankəndi yolu açılandan 24 saat sonra Laçın postu açıla bilər. Əslində Azərbaycan burada unikal davranış sərgiləyərək bütün diqqəti Laçın postundan yayındırıb, Ağdam-Xankəndi yolunun açılmasına yönəltdi. Bakının bu siyasi taktikasını həmin istiqamətdə uğurlu addım kimi qiymətləndirmək lazımdır.

Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yüklərin çatdırılması mövzusunda Moskva Rusiyadan yüklərin Xankəndiyə çatdırılması təklifini irəli sürdü. Separatçılar ilk öncə bundan imtina etsələr də, bu gün Ağdam-Xankəndi yolu vasitəsilə ilə Rusiya və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) aid avtomobillər vasitəsilə humanitar yüklər Xankəndiyə çatdırılaraq geri qayıtdı. Azərbaycanın göndərdiyi yüklər orada gözləməsinə baxmayaraq, bu addımı Bakının qələbəsi kimi qiymətləndirmək olar. Çünki Bakının da əsas tələbi humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması idi. Və bu istiqamətdə Azərbaycan istəyinə nail oldu. Ölkəmizə qarşı bu məsələ ilə bağlı basqı göstərməyə çalışan güclər isə anlamalıdırlar ki, Azərbaycana qarşı təzyiq kartları işə düşməyəcək. Qarabağ Azərbaycanın daxili məsələsidir və burada atılan hər bir addım Bakı ilə razılaşdırılmalıdır.

Daşqın Həsənov
Missiya.Az



  • 18-09-2023, 18:34