AZ   |   RU
Separatçıların qarşıdurması, təhdid altında olan təhlükəsizlik və Bakıdan gözlənilən sərt addımlar


Ötən gün Xankəndi şəhərində yaşayan və özünü “Artsax” könüllülərinin komandiri adlandıran Karen Matevosyan Qarabağda yaşayan erməni xalqını guya “məhv” olmaqdan qorumaq məqsədilə hamının bir araya gəlməsinin vacibliyi mövzusunda videomeraciət yayımlayıb. Matevosyan “Artsax” prezidentinin müdafiəsinə qalxaraq onun ünvanına səslənən istefa tələbinin yersiz olduğunu qeyd edib. O, hətta separatçıların qondarma parlamentini təhdid edərək Arayik Arutyunyanın ünvanına səslənən istefa tələblərinin yersiz olduğunu bildirib. Onun Arayiki  müdafiə etməsi göstərir ki, Matevosyan adlı erməni əsilli separatçı Arayik Arutyunyanın özünü müdafiə etmək üçün ortaya atdığı  fiqurdur.


Bu gün Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də teleqram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə İstintaq idarəsində araşdırma aparılıb. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.


Matevosyanın təhdid xarajkterli açıqlamalarıseparatçılar arasında baş qaldırmış  narazılığın daha da dərinləşdiyini göstərir.  Karen Matevosyanın qondarma parlamentin sədrinin də ünvanına sərt tənqidi fikirlər səsləndirməsi, ondan Arayik Arutunyanın ünvanına səsləndirilmiş fikirlərə görə üzr tələb etməsi münasibətlərin xarakterindəki sərtlikdən xəbər verir.  Görünən odur ki, Arayik Arutunyan özünə qarşı genişlənməkdə olan cəbhə ilə mübarizədə Karen kimi terrorçulardan istifadə edir. Karen Mativosyanın təhdid leksikonunda danışması, “fəaliyyətdə olan prezident ətrafında birlik yaranmasa, biz müvafiq addımlar atmaq məcburiyyətində qalacağlıq” kimi xəbərdarlıqlar etməsi qarşıdakı mərhələdə separatçılar arasında hətta silahlı qarşıdurmaların yaşana biləcəyi ehtimalını yaradır. Bu isə heç şübhəsiz ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının həyatına təhlükə deməkdir. Onu da nəzərə almaq lazımdır ki, Mativosyan bir neçə gün öncə başının dəstəsi ilə qondarma parlamentin iclasına basqın edib, elə orada da hamını Arayikin ətrafında birləşməyə çağırıb. Bundan başqa, Mativosyanın dəstəsinin üzvləri Arayiki tənqid edən ictimai fəalların nömrəsinə zəng edərək onları müxtəlif təhdidlərə məruz qoyur, ölümlə hədələyirlər. Xankəndidə separatçılar arasında yaşanan qarşıdurmanın getdikcə daha sərt xarakter alması və proseslərin gedişatında mülki əhalinin ziyan görə biləcəyi ehtimalı, eləcə də başıpozuq dəstələrin qanlı hadisələr törətmə mümkünlüyü Azərbaycanın müvafiq qiurumlarının adekvat tədbirlərə əl atması zərurətini yaradır. Xankəndidə və erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı digər ərazilərdə dövlətin suverenliyi tam şəkildə bərqərar olmayınca, Qarabağın təhlükəsizliyindən söhbət gedə bilməz.  Bölgədə yaşayanların hamısı Azərbaycan qanunlarına tabe olmalıdır. Yalnız bundan sonra bölgədə əminamanlıq, Azərbaycanın digər ərazilərində olduğu kimi, sabitlik  yarana bilər. Qısası, Azərbaycan Dövləti bölgənin və orada yaşayan erməni əsilli vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan addımları atmalıdır.  Bunun hansı şəkildə olacağını isə, təbii ki, Dövlət bilər!

Daşqın Həsənov
Missiya.Az

 



  • 22-08-2023, 15:19