Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 10 % artaraq, 99,2 milyon manat təşkil edib.
Missiya.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumat nazirliyin bu ilin 7 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında qeyd olunub.
Maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov çıxış edərək bildirib ki, burada əsas məqamlardan biri ötən il Naxçıvanın büdcə gəlirlərinə aid edilən gömrük yığımları üzrə gəlirlərin (yol vergisi üzrə daxilolmalar istisna olunmaqla) muxtar respublika gəlirlərindən çıxarılaraq Azərbaycan dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasının gəlirlərinin icrası ötən ilə nisbətən müsbət göstəricilərə malik olub.
Bildirilib ki, büdcənin xərclərində də nəzərə çarpacaq dərəcədə dəyişikliklər olub, büdcənin xərclərində qənaət təmin edilib, ötən ilin eyni dövrü ilə müqayisədə xərclər 47,4 milyon manat (14,1 %) azalaraq, bu ilin 7 ayında 287,8 milyon manat təşkil edib.
Hesabat dövründə Muxtar Respublikanın büdcəsinin icrasına qanunamüvafiq qaydada aparılmış nəzarət tədbirlərinin davam etdirilməsi, büdcə xərclərinin icrası zamanı büdcə təşkilatları tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməsinə maliyyə orqanları tərəfindən nəzarət təmin edilərək əsassız xərclərin qarşısının alınmasının büdcə xərclərinin azalmasında rolu da vurğulanıb.
Diqqətə çatdırılıb ki, gəlirlərin artması və xərclərin azalması hesabına Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın miqdarında da nəzərə çarpan azalma təmin edilib. Ötən ilin 7 ayına nisbətən 29 milyon manat az yəni 224 milyon manat məbləğində dotasiya alınıb.
“Qeyd edilən göstəricilərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsinə dəyişikliklər həyata keçirilib, büdcənin ploqnoz göstəriciləri dəyişdirilib”, - deyə nazir müavini əlavə edib.
Bildirilib ki, bu ilin ötən 7 ayında Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin bütün fəaliyyət istiqamətlərinə uyğun səmərəli iş aparılması daim diqqətdə saxlanılaraq maddi-texniki bazanın gücləndirilməsi, elektron informasiya sistemləri üzrə təhlükəsizliyin artırılması, səmərəli iş mühitinin yaradılması üzrə ciddi tədbirlər həyata keçirilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq Nazirliyin müvafiq şöbələri tərəfindən 2023-cü ilin 7 ayı ərzində görülmüş işlər barədə məlumat verilib, 2024-cü il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi, büdcənin icrası və dürüstləşmə barədə çıxışlar dinlənilib.