AZ   |   RU
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Ermənistanın təxribatları barədə məlumatlandırıb


Azərbaycanın xarici işlər naziri Nazir Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb, onu Ermənistanın təxribatları barədə məlumatlandırıb.



Azərbaycan Xarici İşlər Nazirliyindən Missiya.Az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədə vəziyyət müzakirə olunub.


C.Bayramov Ermənistanın bölgədə qəsdən vəziyyəti gərginləşdirdiyi, müxtəlif bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneə törətdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.


Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyi, buna baxmayaraq, ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını xatırladıb.


Nazir qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.


Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



  • 9-08-2023, 23:16