AZ   |   RU
Şəmkirdə Məhəmməd Füzuli adına məktəb-liseyin yeni binasının açılışı olub - YENİLƏNİB

 

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.

Missiya.Az xəbər verir ki, dövlət başçısına bu təhsil ocağında yaradılan şərait barədə məlumat verilib.

Qeyd edək ki, Şəmkir şəhərinin mərkəzində yerləşən, 1958-ci ildə tikilmiş Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yaranmışdı. Azərbaycan Prezidentinin “Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub.

Bildirildi ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Məktəb-liseyin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq işləri görülüb.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.



  • 7-08-2023, 17:52