AZ   |   RU
Milli Məclisin deputatları Laçın-Xankəndi yolu ilə bağlı açıq məktub yayıb

Azərbaycan Milli Məclisinin deputatları açıq məktub yayıb.


Bu barədə Missiya.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Məktubda deyilir:


- Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsi qurmuşdur. Qeyd edilməlidir ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazidə yaşayan erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə bu yoldan maneəsiz istifadə etmək imkanına malikdirlər. Özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların və Ermənistan Respublikasının siyasi rəhbərliyinin yüklərin daşınması üçün yalnız Laçın yolunun üzərində dayanması məsələnin bilərəkdən siyasiləşdirilməsi və təxribat kimi istifadəsi edilməsi məqsədi daşıyır. Əgər həqiqətən də söhbət humanitar yükdən gedirsə, yüklərin hansı yoldan istifadə edilməklə və haradan gəlməsinin nə əhəmiyyəti var?!


Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinin ehtiyaclarını operativ şəkildə qarşılamağa hazır olduğunu bəyan edib, o cümlədən ərzaq, dərmanlar və digər humanitar yüklərin daşınması üçün Azərbaycan Ağdam-Xankəndi yolunu təqdim etmişdir. Bu, həm də Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası üçün zəruri və qaçılmaz addımdır.


Hesab edirik ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən istənilən dövlət Azərbaycanın öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü zəruri tədbirləri qəbul edir.


Xarici ölkələrdə bəzi həmkarlarımızın ifadə etdikləri narahatlığa gəlincə, biz onları obyektiv faktları nəzərə almağa çağırırıq. Qarabağda humanitar vəziyyət Ermənistan rəsmilərinin və onların təbliğatına aldananların təsvir etdiyi kimi deyildir, yaranan qıtlıq və ya çatışmamazlıq Ağdam-Xankəndi marşrutundan istifadə edilməsindən imtina olunması ilə bağlıdır.


Azərbaycanda yaşayan bütün milli azlıqların hüquqlarının və təhlükəsizliyinin qorunmasına Konstitusiya və qanunlar ilə təminat verilir. Etnik ermənilərə də Azərbaycanın qayda-qanunlarına tabe olmaq üçün seçim hüququ təklif olunmuşdur.


Biz Azərbaycanın suverenliyinə hörmət bəslənilməsi zərurətini anlayan xarici tərəfdaşların dəstəyini yüksək qiymətləndiririk.


Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tutaraq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Onların qərəzli fəaliyyəti və açıqlamaları məqsədyönlü şəkildə Avropa siyasi məkanını çaşdırmağa yönəlmişdir.


Son 3 ilə yaxın dövrdə Fransanın dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün erməni milli azlığının hüquqları və təhlükəsizliyi məsələsindən dəfələrlə sui-istifadə etdiyini, o cümlədən budəfəki süni gərginlikdən yararlanmağa cəhd göstərdiyini nəzərə almaqla, biz Fransa hakimiyyət orqanlarının diqqətini özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına cəlb etmək istərdik. Fransada qeyri millətlərdən olan şəxslərin insan hüquqlarına etinasızlığın hökm sürməsi məlum faktdır və bu baxımdan həmin ölkənin icra və qanunvericilik orqanları nümayəndələrinin Azərbaycanda yaşayan erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir.


İşğal etdiyi Korsika adasında korsika xalqının dilini tanımayan, dənizaşırı ərazilərində müstəmləkəçilik siyasəti yürüdən, həmin xalqların hüquq və azadlıqlarına hörmət etməyən Fransa, yeni kolonializm təfəkküründən əl çəkmək istəmir. Son günlər Afrikada Fransa əleyhinə baş verən hadisələr də Fransanın yeni müstəmləkə siyasətinin iflasa uğradığını bir daha sübut edir. Etnik azlıq anlayışının Fransada qəbul edilməməsi fonunda digər regionlarda hansısa azlıq üçün xüsusi hüquqlar tələb etmək siyasi riyakarlıqdır.


Fransanı qonşusu Almaniyadan nümunə götürərək törətdiyi qətliamları etiraf etməyə, həmin xalqlara kompensasiya verməyə çağırırıq. Fransalı deputatlar özlərində cəsarət taparaq, öz hökumətindən müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyi tələb etməlidirlər. Fransalı deputatları öz ölkələrinə aid olmayan siyasi məsələlərə deyil, Fransanın yürütdüyü yeni kolonializm siyasətinə qarşı mövqe nümayiş etdirməyə səsləyirik.


Müharibə cinayətləri törədən şəxsin Fransa deputatları və rəsmiləri tərəfindən müdafiə edilməsi, onun azad olunmasına çağırışlar etmək müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə bəraət qazandırmaqdır. Özünü hüquqi dövlət adlandıran Fransa rəsmilərinin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir.


Biz bildiririk ki, Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkə bilməməsi heç də erməni xalqının xeyrinə deyildir. Fransanın da bu revanşizmi təşviq etməsi, ilk növbədə erməni sakinlərinə ziyan vurur. Onların yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlər uğursuzluğa məhkumdur.


Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirmişdir. Hər kəs anlamalıdır ki, xalqların dinc gələcəyinin qurulması yolu suveren dövlətlərin daxili işlərinə müdaxilədən deyil, həqiqi əməkdaşlıqdan keçir.


Adil Əliyev – bitərəf

Əhliman Əmiraslanov - Yeni Azərbaycan Partiyası

Hicran Hüseynova - Yeni Azərbaycan Partiyası

Qənirə Paşayeva-bitərəf

Səməd Seyidov - Yeni Azərbaycan Partiyası

Eldar İbrahimov - Yeni Azərbaycan Partiyası

Eldar Quliyev – bitərəf

Qüdrət Həsənquliyev - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Hikmət Məmmədov - Yeni Azərbaycan Partiyası

Tahir Kərimli - Vəhdət Partiyası

Asim Mollazadə - Demokratik İslahatlar Partiyası

Elşən Musayev - Azərbaycan Demokratik Maarifçilik Partiyası

Musa Qasımlı – bitərəf

Fazil Mustafa - Böyük Quruluş Partiyası

Fəzail Ağamalı - “Ana Vətən” Partiyası

Sevinc Fətəliyeva - Yeni Azərbaycan Partiyası

Ramin Məmmədov - Yeni Azərbaycan Partiyası

Kamal Cəfərov - Yeni Azərbaycan Partiyası

Nurlan Həsənov - Yeni Azərbaycan Partiyası

Sədaqət Vəliyeva - Yeni Azərbaycan Partiyası

Elnur Allahverdiyev - Yeni Azərbaycan Partiyası

Erkin Qədirli - Respublikaçı Alternativ Partiyası (REAL)

Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyası

Razi Nurullayev - Milli Cəbhə Partiyası

Kamran Bayramov - Yeni Azərbaycan Partiyası

Rauf Əliyev - Yeni Azərbaycan Partiyası

Elman Nəsirov - Yeni Azərbaycan Partiyası

Elman Məmmədov - Yeni Azərbaycan Partiyası

Arzu Nağıyev – bitərəf

Rasim Musabəyov – bitərəf

Cavanşir Feyziyev – bitərəf

Soltan Məmmədov – bitərəf

Nigar Arpadarai - bitərəf

Əminə Ağazadə - bitərəf

Sevil Mikayılova – bitərəf

Könül Nurullayeva - bitərəf

Tural Gəncəliyev - bitərəf

Azər Kərimli - bitərəf

Azay Quliyev - bitərəf

Anatoliy Rafailov – bitərəf



  • 1-08-2023, 20:12