AZ   |   RU
Baş redaktorlar müsabiqənin nəticələrini dəyərləndirdilər – “Yaxşı başlanğıcdır…”

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən keçirilən müsabiqənin nəticələrinə əsasən Azərbaycan tarixində ilk dəfə onlayne media subyektləri dövlət dəstəyi alacaq.

Dövlət dəstəyinin əsas məqsədi media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.  Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət etmiş, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunub.

Qaliblərdən olan media qurumlarının rəhbərləri müsabiqənin nəticələrinə münasibət bildiriblər. 

“AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli Missiya.Az-a açıqlamasında  müsabiqənin nəticələrini yaxşı qiymətləndirdiyini bildirib. Baş redaktorun sözlərinə görə, tanınan saytların çoxuna maliyyə dəstəyi göstərilib: “Amma dövlət dəstəyindən kənarda qalanlar da var. Düşünürəm ki, onlar ümumiyyətlə müraciət etməyiblər. Maliyyə yardımının ayrılması yaxşı başlanğıcdır. Ümid edirəm ki, gələcəkdə bu yardımlar onunla nəticələnəcək ki, saytların kəmiyyəti deyil, keyfiyyəti artacaqdır. Tədricən Media Agentliyi çox sayta deyil, yaxşı iş ortaya qoyan media qurumlarına dövlət dəstəyi verməklə maliyyə yardımının həcmini artıracaqdır. Beləliklə bu siyasət getdikcə Azərbaycanda onlayn medianın peşəkarlaşmasına və keyfiyyət artımına səbəb olacaq”.

“Qaynarinfo.az” sayının baş redaktoru Zahir Əzəmət Missiya.Az açıqlamasında  bildirib ki, maliyyə dəstəyinin ayrılması təqdirəlayiq addımdır: “Arzu edərdik ki, bu yardımların dairəsi daha da genişlənsin. Təkcə maddi dəstək deyil, saytlara texniki dəstək məsələləri də gündəmə gəlsin. Məsələn, bu dəfə idman saytlarına maliyyə dəstəyi göstərilib.  Növbəti müsabiqələrdə iqtisadiyyatla, mədəniyyətlə bağlı saytlara dəstəyin göstərilməsi məqsədəuyğun olardı. Xüsusilə mədəniyyət saytlarının reklam tapmaq imkanları sıfıra bərabərdir. Ümumilikdə tendensiya xoşagələndir. Çünki əvvəlki müsabiqələr baş redaktorların cibilərinin dolmasına hesablanırdısa, indi kollektivə hesablanıb. Minimum əməkhaqqının nəzərdə tutulmasını xüsusi qeyd etmək lazımdır. Ümid edirik ki, bu tendensiya sağlam istiqamətdə davam edəcək və bir neçə ilə biz bu müsabiqələrin xoş bəhrəsini görəcəyik”.

“Yeniçağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də əməkdaşımızla söhbətində onlayn mediayaya dövlət dəstəyinin göstərilməsinin Prezident İlham Əliyevin də diqqət mərkəzində olduğunu deyib: “Prezident dəfələrlə onlayn medianın önəmini qeyd edib və dəstəyin vacibliyini vurğulayıb. Çox təssüf  ki, ləğv edilmiş KVDF-nin rəhbərliyi qəzet korrupsiyası ilə məşğul olduğuna görə onlayne mediaya dırnaqarası yanaşılırdı. Amma bu çox müsbət haldır ki, Media Agentliyi yarandığı qısa müddət ərzində, hətta belə desək, strukturu tam formalaşmadan, onlayn media ilə əməkdaşlığa üstünlük verdi. Nəticədə belə bir müsabiqə elan olundu. Bu maliyyə yardımı onlayn medianın bütün problemlərini həll etməyəcək.  Dövlət dəstəyi onlayn medianın ayaqda durması üçün bir nəfəslikdir. İnanıram ki, bu dəstək gələcəkdə daha böyük məbləğlərlə əvəzlənəcək. Dövlətin dəstəyi ilə yanaşı, reklam bazarı da normal vəziyyətə gətirilərsə, bu halda onlayn medianın daha keyfiyyətli fəaliyyətinə şahidlik edəcəyik”.

Aqil Ələsgərin sözlərinə görə, media qurumlarına maliyyə dəstəyinin ayrılması redaksiyalarda bir sıra müsbət dəyişikliklərin baş verməsi ilə nəticələnəcək: “Onlayn mediada ən vacib məsələlərdən biri rəsmi maaş problemidir. Bu gün əskər media qurumlarında maaşlar minimum əməkhaqqı məbləğində nəzərdə tutulub. Onlayn media ilə bağlı şərtlərdən biri budur ki, əməkdaşların maaşları minimum 600 manat olmalıdır. Bu məqam jurnalistlərin həyatında çox müsbət rol oynayacaq. Eyni zamanda, şərtlərdən biri xəbər istehsalı ilə bağlıdır. Tələb qoyulub ki, gündə minimum 20 xəbər yazılmalıdır. Bu o deməkdir ki, maliyyə yardımı almaq istəyən və ya alan media qurumları göstərilən şərtlərə əməl etməlidir. Ümumilikdə saytlar işləməyə, ortaya məhsul qoymağa məcbur olacaqlar. Bu tələblərə əməl edilməsi Azərbaycan mətbuatının daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

Elvin
Missiya.Az


  • 2-07-2021, 17:59