
Humanitar yardım adı ilə Ermənistandan yüklərin göndərilməsi Azərbaycana təzyiq məqsədi daşıyır.
"İstər Qarabağdakı ermənilərin aksiyaları, istərsə də Ermənistan ərazisindən Qarabağa humanitar konvoylar göndərilməsi (400 tondan çox yük) Bakıya təyziq göstərmək üçün hesablanıb".
Bu fikirləri Missiya.Az-a açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.
Politoloqun sözlərinə görə, ermənilər bütün dünyaya göstərmək istəyirlər ki, Qarabağa humanitar yardım, əhaliyə qida, ərzaq, dərman aparırlar, amma Azərbaycan tərəfi buna icazə vermir:

"Buna görə Azərbaycanın beynəlxalq imicini korlamaq istəyirlər. Lakin düşünürəm ki, biz də bunun qarşısını alacaq addımlar ata bilərik. Misal üçün: biz də Ağdam istiqamətindən 3- 4 tır ərzaq və s. göndərə bilərik. Əgər ermənilər izin verməsə, deməli onların əsas məqsədi humanitar fəlakət, əhalinin aclığı, qida ərzaq və dərman çatışmazlığı deyil, əslində əsas problemi elə Azərbaycan tərəfindən Ağdam yolunun açılmaması, siyası olaraq Laçın yolunun açılmasıdır. Bu məsələnin bir tərəfidir".
Turab Rzayev qeyd edib ki, Azərbaycan əgər çox təzyiqlərə məruz qalsa, elə Laçın istiqamətinə gələn tırları orda boşaldıb, Azərbaycan tırları ilə əsgərlərimizin müşaiyəti altdında, lazım olsa Xankəndinə çatdıra bilər:
"Ona görə də düşünmürəm ki, bu cür humanitar aksiyalar, yaxud humanitar yüklərin daşınması və s. kimi addımlarla Azərbaycan dövlətinin iradəsini sarsıda və bizi Laçın dəhlizini açmağa məcbur edə bilsinlər. Buna inanmıram".
Leyla SƏMƏNDƏR
Missiya.Az