AZ   |   RU
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir.

Missiya.Az xəbər verir ki, Nazirlikdən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində martın 1-də Ankarada Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nuri Ersoy arasında görüş keçirilib.

Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.

Nazir Nuri Ersoy 44 günlük Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Anar Kərimov öz növbəsində Vətən müharibəsində ölkəmizə verilən dəstəyə görə Türkiyə dövlətinə və türk xalqına dərin təşəkkürünü ifadə edib.

Görüşün sonunda ikitərəfli əlaqələrə dair mətbuat konfransı və sənədlərin imzalanması mərasimi keçirilib.

Birgə Mədəniyyət Komissiyasının iclasının yekun protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə və Türkiyə tərəfindən heyət başqanı, Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz imzalayıb.

Protokolda müasir və klassik əsərlərin tərcüməsinin və çapının təşviq edilməsi, teatr, kino, musiqi və digər sahələr üzrə festivallarda qarşılıqlı iştirak, eləcə də birgə festivalların təşkili, qarşılıqlı sərgilər sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Yaradıcı sənayelər (teatr, musiqi, muzey, kino, nəşriyyat, qeyri-maddi mədəni irs və s.) sahəsində rəqəmsallaşdırma və yeni idarəetmə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi, muzey işi üzrə təhsildə əməkdaşlıq mövzusunun araşdırılması məsələlərinə də sənəddə yer verilib.


  • 1-03-2021, 16:11