AZ   |   RU
Qərbi Azərbaycan İcması 26 iyunla bağlı tədbir keçirib - FOTO

24 iyunda Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı  , İcmanın Ankara təmsilçiliyi və Azərbaycan Texnologiya Universitetinin Qida Müəhəndisliyi fakültəsinin təşkilatçılığı ilə  Azərbaycan Respublikasının Silahlı Qüvvələr gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov Azərbaycan ordusunun yaranma tarixi barədə danışaraq 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini bildirdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordunun ləğvi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli  Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə danışdı.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilib və 2020 – ci ildə ordumuz düşmənə layiqli cavab verdi: "Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham
Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib".

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə çıxışında Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildiyini bildirərək Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdığını vurğulayıb: “Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə ulu öndərin hakimiyyətə gəlişindən sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın vaxtilə ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Bunun nəticəsində isə ötən il Ordumuz zəfər qazandı və işğalda olan torpaqlarımızı azad etdi”. 

Tədbirdə çıxş edən QAİ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova,  Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin elmi və Tərbiyyə işləri üzrə dekan müavini, Qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi Afət Qasımova, Ümumi riyaziyyat  kafedrasnin müdiri Hamlet Kəsəmənli,  Azərbaycan Texnologiya Universiteti "Qida məhsullarının texnologiyası" kafedrasının dosenti, texika üzrə fəlsəfə doktoru Eldəniz Bayramov qazandığımız qələbəyə görə şanlı Azərbaycan ordusuna və Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürlərini bildirərək şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər.
 

  • 25-06-2021, 17:06