AZ   |   RU
Od içinə olan Fransa, qanlı toqquşmalar və Makronun yarıtmaz siyasəti


Paris ətrafında bir polis məmuru 17 yaşlı ərəb yeniyetməni vuraraq öldürdükdən sonra on minlərlə etirazçı ölkənin böyük şəhərlərində küçələrə çıxıb. Nümayişçilər Fransa hüquq-mühafizə sistemini irqçilikdə ittiham edir və ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edirlər: onlar avtomobilləri və polis məntəqələrini yandırır, polislərə və məmurlara hücum edir, dükanları qarətə məruz qoyurlar. 



Bir yeniyetmənin ölümü niyə belə rezonans doğurdu və hakimiyyət talanları dayandırmaq üçün nə edir?


Hadisə tez bir zamanda geniş ictimai rezonansa səbəb oldu: Naelin Mərakeş və Əlcəzair kökləri var idi, buna görə də Fransa cəmiyyəti polisi irqçilikdə ittiham etdi. Şimali Afrika ölkələrindən olan keçmiş miqrantların nəsilləri ən aqressiv reaksiya verib. BMT həmçinin Fransa hakimiyyətini hüquq-mühafizə strukturlarında irqi ayrı-seçkilik problemi ilə məşğul olmağa çağırıb.


Reuters yazıb ki, Naelin saxlanma zamanı ölümü ölkədə ilin əvvəlindən bəri üçüncü belə hadisədir. Agentliyin məlumatına görə, 2022-ci ildə polis yollarda saxlanılan sürücülərə 13 dəfə atəş açıb. 2021-ci ildə iki nəfər, 2020-ci ildə isə daha üç nəfər hüquq-mühafizə orqanları əməkdaşlarının əli ilə həlak olub. 


İyunun 28-nə keçən gecə Nanterdə ilk etirazlar baş verdi və bu etirazlar qısa zamanda iğtişaşlara çevrildi. Nümayişçilər ölən yeniyetmənin evinin yaxınlığındakı zibil qutularını və avtobus dayanacağını yandırıblar. Etirazçılar polislə toqquşub, asayiş keşikçiləri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Lakin iğtişaşçılar dayandırmaq fikrində deyildilər. Bir neçə gün sonra kütləvi nümayişlər bütün Fransanı bürüdü. Paris, Lill, Lion, Strasburq və digər iri şəhərlərdə on minlərlə insan küçələrə çıxıb.


Etirazçıların nə lideri, nə də konkret tələbləri var. Ekspertlər hesab edirlər ki, yeniyetmənin qətli ilə bağlı insident hakimiyyətə qarşı uzun müddətdir yığılan iddiaların sıçrayışına səbəb olub: insanlar qeyri-populyar pensiya islahatından narazıdırlar, 2011-ci ildən bəri davam edən iqtisadi böhrandan yorulublar.


Yelisey sarayı hələ də fövqəladə vəziyyət tətbiq etməyib, çünki bir sıra senatorlar belə bir tədbiri hədsiz və vətəndaş azadlıqlarını, xüsusən də sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran hal hesab edirlər. Hələlik hakimiyyət asayişə riayət olunmasına nəzarəti gücləndirib: Fransanın şimalında on kommunada komendant saatı tətbiq edilib, Nant və digər şəhərlərdə isə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.


Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 2-nə keçən gecə Fransanın bütün şəhərlərində 45 mindən çox polis və jandarm, o cümlədən minlərlə yanğınsöndürən səfərbər edilib. Bəzi bölgələrdə zirehli transportyorlardan istifadə edilib, xüsusi təyinatlıların əsgərləri cəlb olunub. Parisdə və şəhərətrafı ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına küçələrdə asayişi izləmək üçün dronlardan istifadə etməyə icazə verilib. Lakin bütün bu tədbirlər etirazları dayandırmağa kömək etmir.


İğtişaşların ilk günündən polis etirazçıları saxlamağa başlayıb. Bütün ölkə üzrə məhbusların ümumi sayı 3 min 100 nəfəri ötüb. Fransanın daxili işlər naziri Cerald Darmanin qeyd edib ki, onların çoxu azyaşlılardır. Bəziləri artıq ilk cəzalarını alıblar. Belə ki, Qrenobl məhkəməsi quldurluğa cəhddə ittiham olunan üç nəfəri üç aydan dörd aya qədər həbs cəzasına məhkum edib. Dijonda polisə hücum edən şəxsə 8 ay həbs cəzası verilib. Bir çox məhbuslara şərti cəza verilib.

Nəinki Fransız ekspertlər? dünys səviyyəli siyasi analitiklər hesab edirlər ki, bsş verənlər Makronun yarıtmaz siyasətinin nəticəsidir və o hakimiyyətdə olduğu müddətdə Fransada dayanıqlı sabitlik olmayacaq.  


Elcan

Missiya.Az




  • 4-07-2023, 22:58