Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Eymən əs-Safadi ilə Ankarada keçirdiyi mətbuat konfransında İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı məsələsinin daha çox şübhə doğurduğunu söyləyib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, türkiyəli nazir deyib: “Mübarək Qurban bayramının ilk günündə Stokholmda müqəddəs kitabımız “Qurani-Kərim”ə edilən alçaqcasına hücumu və bütün xəbərdarlıqlarımıza rəğmən bu mənfur hərəkətə göz yumulmasını bir daha qətiyyətlə qınayırıq”. H.Fidan İƏT-in bununla bağlı fövqəladə iclas keçirdiyini xatırladaraq bildirib ki, bu məsələni İordaniyalı həmkarı ilə də müzakirə edib. O əlavə edib ki, Türkiyə bu cür əməllərə ən ciddi şəkildə etiraz etməkdə davam edəcək. Türkiyəli nazir vurğulayıb: “Ciddi tədbirlər görülməyəcəyi təqdirdə bu, nə ilk, nə də son hadisə olacaq. Xüsusən, İsveçdə bu cür hərəkətlərin dövlət mühafizəsi və polisin nəzarəti altında edilməsi çox düşündürücü haldır. İsveçin NATO-a üzvlüyünün müzakirə edildiyi günlərdə bu ölkənin təxribatların qarşısını almağa qadir olmadığı və NATO-ya daha çox güc deyil, əksinə, problem gətirəcəyi həqiqətinin məlum olması baxımından bu məsələ həm strateji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən bizi düşünməyə vadar edir”.
Ankara ilə Qahirə arasında səfirlər səviyyəsində diplomatik əlaqələrin tam bərpasına münasibət bildirən H.Fidan qeyd edib ki, Türkiyə və Misir regionda iki güclü qardaş ölkələrdir. Tarixi, coğrafi, mədəni, dini və strateji mövqeyi baxımından bu iki mühüm dövlətin bir-birindən ayrı qalmaq kimi seçimləri yoxdur.