İyulun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında ölkəmizdə səfərdə olan Malayziyanın Birləşmiş Malay Milli Təşkilatının (UMNO) nümayəndə heyəti ilə görüş keçirilib.
YAP-ın mətbuat xidmətindən Missiya.Az-a bildiriblər ki, görüşdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Malayziyanın Azərbaycan üçün dost ölkə olduğunu deyib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan YAP Sədrinin müavini Azərbaycanla Malayziya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, hər iki ölkə ikitərəfli əlaqələrlə yanaşı, Qoşulmama Hərəkatı çərçivəsində də fəal əməkdaşlıq edir. Eyni zamanda, Malayziya hər zaman Azərbaycanın haqq işini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dövlət səviyyəsində bəyanatlar yayıb.
İki ölkə arasında fəal siyasi dialoqun iqtisadi-ticari əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını söyləyən T.Budaqov siyasi partiyaların əməkdaşlığının Azərbaycan-Malayziya işbirliyinin dərinləşdirilməsinə mühüm töhfə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Bakıda YAP-ın ev sahibliyi ilə keçirilən ICAPP-ın bir sıra tədbirlərində, o cümlədən 2022-ci il noyabrın 22-də "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransında UMNO-nun da daxil olduğu Malayziyanın iqtidar koalisiyasında yer alan siyasi partiyaların nümayəndələrinin iştirak etməsi ikitərəfli və çoxşaxəli əlaqələrin inkişafına təkan verib. Eyni zamanda, parlamentlərarası əlaqələrin genişləndirilməsinin də əhəmiyyətindən bəhs edilib və bu sahədə təmasların intensivləşdirilməsinin önəmi vurğulanıb.
Malayziyanın Cohor ştatının naziri, UMNO Gənclər Birliyinin rəis müavini Mohd Hairi Bin Mad Shah Azərbaycana səfərdən məmnunluğunu ifadə edib. O deyib ki, Malayziya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.
Nazir hazırda 3 milyondan çox üzvü olan UMNO-nun fəaliyyəti haqqında məlumat verib və onun Malayziyanın müstəqillik qazandığı 1957-ci ildən ölkənin əsas hakim partiyası olduğunu diqqətə çatdırıb. O, təmsil etdiyi təşkilatın Yeni Azərbaycan Partiyası ilə çoxşaxəli əlaqələrin qurulmasında və inkişafında maraqlı olduğunu bildirib. Mohd Hairi Bin Mad Shah YAP-ın gənclər siyasəti sahəsində təcrübəsinin onlarda xüsusi maraq doğurduğunu və bu istiqamətdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının böyük önəm daşıdığını vurğulayıb.
Görüşdə, həmçinin YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Malayziya xarici işlər nazirinin siyasi katibi Akmal Zharif Bin Ahmad Kamal və UMNO-nun Qadınlar Birliyinin kommunikasiyalar üzrə sədri Rosni Binti Zahari çıxış edərək, partiyalar arasında münasibətlərin inkişafı və iki ölkə gənclərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikirlərini bildiriblər.