AZ   |   RU
BMT yeniyetmənin öldürülməsi ilə bağlı Fransanın hərtərəfli araşdırma aparacağını gözləyir


BMT Fransa hakimiyyətinin Parisətrafı qəsəbələrdə iğtişaşlara səbəb olan yeniyetmənin ölümü ilə bağlı hərtərəfli araşdırma aparacağını gözləyir.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.

“Bu gəncin başına gələnlər təbii ki, üzücü xəbərdir. Biz ümid edirik və gözləyirik ki, baş verənlər tam şəkildə araşdırılacaq”- deyə, o bildirib.

Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-dən 29-na keçən gecə onlarla polis maşını yandırılıb, komissarlıqlar, inzibati orqanların binaları yandırılıb, təhsil ocaqlarına ziyan dəyib.

Val-de-Marne departamentindəki Fren həbsxanasına daxil olmaq cəhdi barədə də məlumat verilib. İğtişaşların yatırılmasında iştirak edən 2 000 polis və jandarma əməkdaşlarının çoxu xəsarət alıb.

Fransa prezidenti Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün nazirlərarası komitənin təcili iclasını keçirib. Həmin gün Nazirlər Kabinetinin bütün üzvlərinə növbəti xəbərdarlığa qədər prioritet olmayan səyahətləri ləğv etmək əmri verilib.



  • 29-06-2023, 22:10