AZ   |   RU
Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun bağlanış mərasimi keçirilib


İyunun 21-də Dünyadakı Azərbaycanlı Təbiblərin bağlanış mərasimi keçirilib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qarşılıqlı əlaqələrin yaranması, həkimlərimiz arasında uğurlu kommunikasiyanın qurulması, tibb sahəsindəki ən son yeniliklərin, texnologiyaların, müasir yanaşmaların bölüşülməsi adına simpoziumun yüksək səviyyədə keçirildiyini bildirib:


"2 gün boyunca simpoziuma 1500-dən çox iştirakçı qatılıb. Bu günlər ərzində xaricdən gələn azərbaycanlı həkimlərimizdən də xoş geridönüşlər aldıq, simpozium barədə söylənən müsbət fikirlər, eləcə də simpozimun keçirilməsinə göstərilən böyük maraq bizi ruhlandırır ki, gələcəkdə də xaricdə yaşayan və çalışan həmkarlarımızı ölkəmizə cəlb edək. Onları Azərbaycan səhiyyəsinə qazandıraq".


Vüqar Qurbanov xaricdə yaşayan azərbaycanlı həkimləri vətəndə səhiyyə işinin təşkilində fəaliyyət göstərməyə çağırıb:


"Biz gərək xarici ölkələrdə də tibb xidmətlərimizi, səhiyyəmizi tanıdaq. Əminəm ki, səhiyyəmizi layiqli şəkildə təmsil edirsiniz və bundan sonra da edəcəksiniz. Simpozium çərçivəsində Azərbaycanda tibb sahəsinin inkişafında aparılan islahatları, müsbət dinamikanı yaxından izləmək imkanınız oldu. Bakı, Sumqayıt, Quba, Lənkəran kimi bölgələrə səfər edərək paytaxtla yanaşı, respublikanın hər bir yerində tibbi xidmətlərin keyfiyyətli və əlçatan olması ilə bağlı təəssüratlarınız yarandı. Prezident İlham Əliyevin qayğısı və diqqəti ilə əhatə olunan səhiyyə sahəsində aparılan islahatlar nəzərəçarpacaq dərəcədə artıb. Qarşıya qoyulan hədəflər də çoxdur. Bu istiqamətdə görüləcək işlərdə hazırda Azərbaycanda çalışan həkimlərimiz sırasında gələcəkdə sizləri də görməkdən məmnun olarıq".


Tədbirdə elmi panellərdə moderator, ekspert və məruzəçi qismində iştirak edən Azərbaycanda və xarici ölkələrdə çalışan həkimlərə sertifikatlar təqdim olunub.


Xatırladaq ki, Dünyadakı Azərbaycanlı Təbiblər Simpoziumu 28 DTT krediti ilə qiymətləndirilib.


Daha sonra Dünyadakı Azərbaycanlı Təbiblər Simpoziumunun iştirakçılarının şərəfinə tort kəsilməsi mərasimi keçirilib.


Bağlanış mərasimi bədii hissə ilə davam edib. Tanınmış tarzən, əməkdar artist Şəhriyar İmanovun ifaları səsləndirilib.



  • 21-06-2023, 22:22