AZ   |   RU
Ermənistandan getdikcə artan təcavüzkar ritorikadan əl çəkməyi tələb edirik - XİN


"Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik".

xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan istiqamətində törədilmiş növbəti hərbi təxribat barədə Ermənistan XİN-in bəyanatına dair şərhində deyilir.

Bəyanatda Ermənistan tərəfinin növbəti hərbi təxribatı qətiyyətlə pislənilir.

Bununla yanaşı, guya Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəf alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı qətiyyətlə rədd edilir.

"Azərbaycanın təxribat törətməklə Ermənistanda sərmayələrin cəlb edilməsinə mane olmaq məqsədi daşıdığı barədə iddiaya gəldikdə qeyd edək ki, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə və Azərbaycanın ərazilərini 30 ilə yaxın işğal altında saxlamaqla özünütəcrid siyasəti yürüdüb, bununla da bütün beynəlxalq layihələrdən kənar qalıb. Öhdəliklərinə zidd olaraq bölgədə iqtisadi inkişafa təkan verəcək kommunikasiya xəttlərinin açılmasına hər vəchlə mane olan tərəfin də Ermənistan olduğu hər kəsə məlumdur. Bununla əlaqədar, Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə və yenidənqurma işlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - bəyanatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, cari ilin 13 iyun tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən müvafiq cavab tədbirləri görülüb.



  • 13-06-2023, 23:57