“Aff park kompleksində yerləşən “Barbi Boutique”dən 80 Aznlik üst geyimi aldım. Ödəniş üçün hesab kartı çıxardım. Satıcı xanım mənə dedi ki, posterminala deyil, yalnız şəxsi hesabına göndərim. Çünki mənə çek verə bilməyəcək”.
Bu sözləri Missiya.Az-a müraciətində Bakı şəhəri, Abşeron rayonu sakini Kərimova Sahibə Yengibar qızı söyləyib.
Şikayətçinin sözlərinə görə, xanımın təqdim etdiyi hesab nömrəsinə həmin məbləği yollayıb:
“Dükanda uşaqları bağcadan götürməyə tələsdiyim üçün paltara diqqətlə baxıb yoxlaya bilmədim və hətta şəxsi əşyalarım da orada unutdum. Geyimi evə gətirdikdə ailə üzvlərim paltarın dar qaldığını dedilər, forması mənim də xoşuma gəlmədiyi üçün paltarı geyinmədən, etiketini qoparmadan mağaza ilə əlaqə saxlayıb, geyimi təhvil verib və ödədiyim 80 AZN-ı da qaytarmalarını istədim”.
S. Kərimova paltarın alışından sonra bu məsələni bildirib. Çünki həyat yoldaşı rayonda olub:
“Satıcı dükanda qanuna zidd olan tablonu mənə çəkib, göndərərək bizdə qaytarma yoxdur söyləyib, telefon nömrəmi blok etdi Tabloda yazılmışdı ki, alınan mallar dəyişdirilmir və qaytarılmır. Mənim istehlakçı kimi hüquqlarım var, xahiş edirəm ki, mənə kömək edin”.
Sözügedən mövzuya dair Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, quruma gələn şikayətlərin 80 %-i danışıq yolu ilə həll edilir. Ərizəyə əksər hallarda baxılmır, telefon zəngi ilə söhbət həyata keçirilir:
“Çox zaman problemlər həll olunur. Digər şikayətləri rəsmi məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndəririk. Bu şikayəti danışıq yolu ilə həll edə bilmədik. Çünki satıcı dedi ki, paltar geyinilib. Məlum oldu ki, paltarı heç görməyiblər. Bu halda istehlakçı haqlıdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət göndərilib. Lakin neçə vaxtdır ki, gözləmədə qalmışıq”.
“Barbi Boutique”in əməkdaşı isə açıqlamasında qaytarılmanın mövcud olduğunu qeyd etdi, lakin xanımla aralarında yaşanan mübahisə səbəbindən onun müraciətlərinə əhəmiyyət verilmir.
Belə çıxır ki, istehlakçını öncədən qaytarılma yoxdur deyərək aldadıblar. İndi isə onunla yaşadıqları mübahisəni əsas gətirərək qərəzli mövqe ortaya qoyurlar. Ümid edirik ki, şikayətin göndərildiyi qurumlar məsələyə aydınlıq gətirəcək.
Zərintac Mayisqızı
Missiya.Az