AZ   |   RU
Erməni deputatdan Qarabağdakı separtçılara şillə kimi ismarış: “Bizim əsas vəzifəmiz Ermənistanın maraqlarına xidmət etmək, onu qorumaqdır”


“Bu məsələdə mən Ermənistanın dövlət maraqlarına xidmət etməyi rəhbər tuturam”.

Missiya.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu mayın 24-də parlamentdə jurnalistlərə müsahibəsində hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputat Qurgen Arsenyan “Qarabağı  Azərbaycanın bir hissəsi kimi görməyən Qarabağ ermənilərinin fikrinə niyə məhəl qoyulmur” sualına cavab verərkən deyib.

O, qeyd edib ki, əsas vəzifələri Ermənistanın maraqlarını müdafiə etməkdir: “Ermənistanın dövlət maraqlarının gündəmdə olan hər hansı başqa məsələnin həllinə tabe etdirməyə çalışan  dövlət xadimi və ya siyasətçi, məncə, dövlət əleyhinə fəaliyyət göstərir”, - deyə Arsenyan bildirib.

Deputat Qarabağda ermənilərin  yaşaması barədə suala isə  belə cavab verib:  “Beyrut, Qlendeyl və Avstraliyada da ermənilər yaşayır. Dövlət xadimlərimizin birinci vəzifəsi Ermənistanın maraqlarına xidmət etmək, Ermənistanı qorumaqdır. Tarixin bu dövründə hamımız ağlımızın və ürəyimizin bir-biri ilə ziddiyyət təşkil etdiyi dilemma ilə qarşılaşırıq. Bəzən Ermənistanın dövlət maraqlarının müdafiəsi ermənilərin milli maraqlarının alqoritmi ilə üst-üstə düşmür. Komandamız Ermənistan üçün faydalı olan siyasət həyata keçirir”.

Bu fikirləri Ermənistan hakimiyyətində təmsil olunanların  Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa meyilli siyasətini tənqid edən Qarabağ separatçılarına cavab kimi də qiymətləndirə bilərik. Deputat Arayik kimilərinə başa salmaq istəyir ki, Qarabağda yaşayan ermənilərin taleyi, Ermənistan dövlətinin gələcək inkişafından üstün deyil və əgər dilemma yaranıbsa da belə, onlar Qarabağ ermənilərini yox, Ermənistanı seçirlər.

Görünən odur ki, ermənilər arasında fikir ayrılığı təkcə separtçıların bir-biri ilə münasibətindəki gərginlikdə özünü göstərmir. Separatçılarla Ermənistandakı ermənilər arasında da fikirlər əvvəlki kimi vahid mövqeyə əsaslanmır. Parçalanma özünü açıq şəkildə göstərir.  Ümid edək ki, deputat Qurgen Arsenyan kimi düşünən ermənilərin sayı çoxalacaq və nəticədə Qarabağ erməniləri də anlayacaqlar ki, Azərbaycan bayrağı altına sığınmaqdan başqa yolları yoxdur.

Elcan
Missiya.Az



  • 24-05-2023, 16:20