AZ   |   RU
Sovet İttifaqının Polşaya vurduğu zərər hesablanmağa başlayıb


Polşa Sovet İttifaqının ölkəyə vurduğu zərərlə bağlı məruzə hazırlamağa başlayıb.

Missiya.Az xəbər verir ki, TVP telekanalı bu barədə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçikə istinadla məlumat yayıb.


“Hərbi Məsələlər İnstitutu sənədin üzərində çalışır. Bu, işğalın aspektlərini, qərb torpaqlarında zavodların sökülməsini, Polşanın sonrakı istismarını, kömür üzrə mənfəətsiz razılaşmaları əhatə edən həcmli sənəd olacaq”, - deyə Arkadiuş Mulyarçik bildirib.


Polşalı diplomat, həmçinin bu gün Almaniyada Bundestaq üzvləri ilə görüş keçirəcək və onlara II Dünya müharibəsi zamanı vurulan zərərə görə 6,2 trilyon zlotı (1,3-1,5 trilyon dollar) həcmində təzminat ödənilməsinin zəruriliyi barədə Varşavanın mövqeyini çatdıracaq.


Bir müddət öncə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, Polşa II Dünya müharibəsinin nəticələrinə əsasən əldə etdiyi əraziləri qaytarmalı və postmüharibə dövründə ölkənin bərpasına xərclənən vəsaiti Moskvaya ödəməlidir. Onun sözlərinə görə, Polşa ərazisinin inkişaf etmiş infrastruktura, sənaye müəssisələrinə, eyni zamanda zəngin təbii sərvətlərə malik üçdə biri onun tərkibinə müharibədən sonra SSRİ-nin sayəsində qatılıb. Müharibədən sonrakı dövrdə isə Sovet İttifaqı Polşanın bərpasına və inkişafına, bugünkü hesablamalara görə 750 milyard dollardan çox vəsait xərcləyib.

Zərintac Mayisqızı
Missiya.Az


  • 22-05-2023, 17:39