AZ   |   RU
KOBİA-nın tərəfdaşlığı ilə “She Congress” keçirilib


KOBİA-nın tərəfdaşlığı ilə keçirilən “She Congress”də qadınların kiçik biznes yaratmağa və özünüməşğulluğa marağının artdığı qeyd edilib.



Missiya.Az xəbər verir ki, qadınların şəxsi və peşəkar inkişafına dəstək olmaq, gender bərabərliyini təşviq etmək, qadınlar arasında şəbəkələşmə və təcrübə mübadiləsi məqsədilə “She (Smart, Happy, Equal) Congress” keçirilib. “Öz həyatına sahib ol” şüarı ilə bu il beşincisi keçirilən tədbiri dəstəkləyən qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).


Rəsmi şəxslərin və qadın sahibkarların iştirakı ilə keçirilən tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə qadın sahibkarlığının çəkisinin, qadınların kiçik biznes yaratmağa və özünüməşğulluğa marağının artdığını qeyd edib. Bildirilib ki, 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların çəkisi təqribən 19%, 2023-cü ilin aprel ayının statistikasına əsasən isə 22%-i ötüb. Bununla yanaşı, hüquqi şəxslərin və müəssisələrin təsisçiləri və idarəediciləri sırasında kifayət qədər qadınlar təmsil olunur. Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyət istiqamətlərdəndir. Araşdırmaların və sorğuların təhlili göstərir ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çağırışlardır. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, qrant, sərgilərdə iştirak, iri ticarət şəbəkələrinə çıxış, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən yararlanırlar. 2023-cü ilin ötən dövrü ərzində KOBİA tərəfindən keçirilən təlimlərdən 1000-ə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb. İndiyədək 9 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant ayrılıb, 10-dan çox qadın sahibkara “Startap” şəhadətnaməsi verilib. Bugünədək 1300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan 50-yə yaxın sərgidən faydalanıb ki, onların 50%-i qadınlardır. Agentliyin tərəfdaşlığı ilə "Məktəbim", “Tənha anaların sosial inkişafına dəstək”, “Biznesdə qadınların gücü” və s. layihələr həyata keçirilir. 




  • 17-05-2023, 19:01