AZ   |   RU
Makron erməniləri silahlandırır - Fransanın yeni müharibə arzusu

 
Cənubi Qafqazda daimi sülhü istəməyən qara qüvvələrin təhriki ilə hər dəfə təxribat törədən erməni terrorçularına Azərbaycan Ordusu elə dərs verir ki, ermənilər kömək üçün bütün havadarlarının qapısını döyürlər. Qərbdən, Rusiyadan, İrandan, Hindistandan yardım dilənən Ermənistan hakimiyyəti bir-birinə əks mövqedə dayanan qüvvələr arasında oynayır desək yanılmarıq.

Sonuncu təxribatda yenə də Fransanın erməni sevgisinin şahidi olduq. Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilən Ermənistana məxsus texnikanın yanındakı şəxsin fransız hərbi təlimatçı olduğu ehtimal edilir. Deməli, Fransa Ermənistanı silahlandırmaqla həm də Azərbaycana qarşı proksi müharibəyə başlayıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, yaxın vaxtlarda Fransadan Ermənistana 50 zirehli transportyorun ilk partiyasının tədarükünə başlanılacaq. “Rəsmi Kiyev Ermənistana verilən Qərb hərbi texnikasının rusların əlinə keçməsindən qorxur. İrəvan və Moskva arasında sıx hərbi əməkdaşlıq, o cümlədən ölkədə Rusiya hərbi bazasının olması bu ehtimalı daha da artırır”.

Müxtəlif mənbələr də Fransanın Ermənistanı silahlandıraraq yeni müharibəyə təhrik etdiyini yazırlar. ABŞ mediasında yazılıb ki, Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə sazişinə gətirib çıxara bilər. Məlumatda Fransanın “Mistral” zenit-raket komplekslərinin Ermənistana tədarükünün mümkünlüyü də qeyd olunub. Rusiya mətbuatı Fransanın Ermənistana verməyi planlaşdırdığı hərbi yardıma ilkin olaraq ölümcül silahların daxil edildiyini bildirir. İran mediası da yeni hərbi attaşenin Fransa silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyini qeyd edib.

İsrail mətbuatında qeyd olunub ki, İsrail, Ukrayna və Azərbaycan Fransanın bu qərarından narahatdır. Yəni Ermənistana silah tədarükünün başlanması Fransanı İsraillə üz-üzə qoya bilər. Çünki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır.

Həmçinin son toqquşmalarda Ermənistan silahlı qüvvələri İranın kamikadze dronlarından istifadə edib. Buna görə də Fransa silahlarının molla rejiminin əlinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. İran silah istehsalçıları Yaxın Şərqdə sabitliyi pozmaq istəyən terror təşkilatlarına ixrac edilən silahlarını təkmilləşdirmək üçün bu prosesdən yararlana biləcəklər.

Göründüyü kimi Fransanın Ermənistanı silahlandırması bütün sivil ölkələrin əsaslı narahatlığına səbəb olub. Çünki, terrorçu siyasəti ilə regionda vəziyyəti gərginləşdirən Ermənistana silah tədarükü, həm də Rusiyanın Ukrayna müharibəsində üstünlük qazanmasına, ən əsası isə cinayətkar fars-molla rejiminin bütün terrorçu və separatçı ünsürləri Qərb silahlarının analoqları ilə təchiz etməsinə səbəb olacaq.

Makronun Ermənistana hərbi yardımı regionda Azərbaycanın təşəbbüsü ilə başlamış sülh danışıqları prosesinə bir başa zərbədir. Sülhü istəməyən Fransa, elə deyəsən heç Ermənistanı da xoşbəxt görmək istəmir. Çünki, Makron da yaxşı bilir ki, erməni hərbçilərini Azərbaycan əsgərinin əlindən heç bir ölkənin ən son model silahı belə xilas edə bilməz.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 16-05-2023, 16:33