AZ   |   RU
Qazaxıstanlı məşhurlar Naxçıvanda konsert proqramı ilə çıxış edəcək – FOTOLAR


Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində Qazaxıstanın bir sıra mədəniyyət və idman nümayəndələri Bakıya səfər edib.

Missiya.Az Musavat.com-a istinadən xəbər verir ki, “Okuklu” Holdinqin rəhbəri Yılmaz Okuklunun dəvəti ilə ölkəmizə səfər edən “Alaşulu” qrupu, tanınmış simli alətlər ifaçısı Aydost Angarbay, idman ustası Temir Spatayev, Kusman Shalabayev Bakıda Ulu öndər Heydər Əliyevin məzarını, Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra media nümayəndələri ilə görüş keçirilib. Nümayəndə heyəti Azərbaycana məhz belə əlamətdar gündə səfər etmələrini dünya səviyyəli siyasi lider Heydər Əliyevin mədəniyyətə, idmana xüsusi diqqət və qayğısı ilə səciyyələndiriblər.

“Okuklu” Holdinqin rəhbəri Yılmaz Okuklu bildirib ki, belə tədbirlər xalqlarımız arasındakı mədəni əlaqələrin genişləndirilməsində xüsusi rol oynayır. Heydər Əliyevin bütün türk dünyasının siyasi-iqtisadi əlaqələri qədər soykökü bağlarının formalaşdırılmasında müstəsna xidmətləri qeyd olunub. İş adamı həmçinin qeyd edib ki, “Okuklu” Holdinq olaraq, Hanlı Pazar markası altında ortaq tariximizin təşviqinə yönələn belə tədbirlərin Orta Asiya, Qafqaz və Anadolu coğrafiyaları arasında mədəni əlaqələrin daha da genişləndirilməsində maraqlıdırlar.

Tədbirdə həmçinin bildirilib ki, səfər çərçivəsində Ulu öndərin doğulduğu və Türk dünyasının qapısı sayılan Naxçıvan Muxtar Respublikasında konsert proqramı planlaşdırılır. Daha sonra qazaxıstanlı qonaqlar Türkiyənin İğdır şəhərinə səfər edəcəklər. Səfər proqramına uyğun olaraq, Türkiyədə də bir neçə mədəni tədbirin təşkili nəzərdə tutulur.




  • 12-05-2023, 18:02