AZ   |   RU
FHN əməkdaşı “TEXNOFEST” çərçivəsində keçirilən sərgidə gümüş medal qazanıb


İstanbul şəhərində “TEXNOFEST” festivalı çərçivəsində təşkil edilən Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin, Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə keçirilən “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə iştirak edən FHN-in Maddi-Texniki Təchizat İdarəsinin əməkdaşı Babayev Ramin Yadigar oğlu yeni ixtirasına görə gümüş medal qazanıb.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin sərgiyə göndərdiyi ixtiralar içərisində R.Babayevin sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsinə təqdim etdiyi idman trenajoru faydalı model idman avadanlığı olaraq böyük marağa səbəb olub və münsiflər heyəti tərəfindən gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünyanın ən böyük texnoloji yarışı olan “TEXNOFEST” festivalı çərçivəsində təşkil edilən “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.




  • 12-05-2023, 16:31