Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bu barədə Missiya.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 nəfər Azərbaycan Respublikası vətəndaşının qardaş Türkiyə Respublikasının dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin, təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.
Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin qaynar xətti: +201010271387