AZ   |   RU
Taksimdə ukraynalı keçmiş polis intihara cəhd edərək Türkiyədən kömək istədi: “Müharibəni dayandırın”


İstanbulun Taksim meydanındakı alt keçiddə ukraynalı keçmiş polis intihara cəhd edib.

Missiya. Az xəbər verir ki, O, keçiddəki baryerlərdən adlayaraq beton hissənin kənarına gəlib. Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasını istəyən ukraynalı rus və ingilis dilində “Ukraynada müharibəyə yox” şüarları səsləndirib.

Daha sonra hadisəni izləyən şəxslərdən birindən telefonunu xahiş edib. Telefonda canlı yayım açıb və şüarlarını orada da səsləndirməyə davam edib.

Polislər hadisə yerinə gəldiyi zaman o, müdaxilə ediləcəyi təqdirdə alt keçiddən 4 metr aşağıdakı magistral yola tullanacağını bildirib. Əraziyə, həmçinin yanğınsöndürənlər və sağlamlıq qrupları cəlb edilib. Tunel hər iki istiqamətdən nəqliyyata bağlanıb və ehtiyat tədbiri olaraq hava döşəyi açılıb.

Spirtli olduğu iddia edilən keçmiş ukraynalı polis Türkiyə vətəndaşlarından onu videoya çəkmələrini xahiş edib. O, həmçinin müharibənin dayandırılması üçün Türkiyədən kömək istəyib və “Avropada müharibəyə yox”, “Ukraynada müharibəyə yox”', “Ukraynaya və Rusiyaya kömək edin” kimi şüarlar səsləndirib.

Onu fikrindən döndərmək mümkün olmadıqda Ukraynanın İstanbuldakı Baş Konsulluğundan kömək istənilib. Lakin ukraynalı konsulluqdan gələn 2 məsul şəxslə danışdıqdan sonra da qərarını dəyişməyib.

Daha sonra diqqətinin yayınmasından istifadə edərək polis və konsulluq əməkdaşları onu xilas etməyə nail ola biliblər. 3 saata yaxın intihara cəhd edən ukraynalı ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.



  • 8-04-2023, 20:40