“Əgər “bir çox 10 illiklər davam edən işğal bitib” və “təcavüz başlayıb” kateqoriyaları ilə danışsaq, onda biz heç bir problemi həll etməyəcəyik. Hər zaman tərəflərin barışdırılması yollarını və maraqlar balansını axtarmaq lazımdır”.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“2020-ci ildə hərbi əməliyyatları dayandıran zaman Rusiya Ermənistanın müttəfiqi, Azərbaycanın strateji tərəfdaşı kimi çıxış edib. Tarixə varmaq istəmirəm. Hər kəsə məlumdur ki, daha əvvəl atəşkəsə nail olmaq mümkün idi. Mən bunu tarixçilər üçün saxlayıram, qoyun onlar bütün bunların necə baş verdiyini öyrənsinlər. Biz bütün üçtərəfli razılaşmaların heç bir improvizə edilmədən ciddi və tam şəkildə icra olunmasının tərəfdarıyıq. Hər şeydən öncə 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə imzalanan bəyanatı xatırladaq. Laçın dəhlizi probleminə istisnasız olaraq bu kontekstdə baxılmalıdır. Laçın dəhlizinə dair razılaşmaların bütün aspektlərinin tam şəkildə icra edilməsindən sonra hazırki vəziyyəti idarə etmək olar. Bizim sülhməramlılarımız indi məhz bununla məşğul olur. Bu gün bu barədə ətraflı danışdıq. Çox ümid edirəm ki, bütün tərəflər razılaşmaların bu hissəsini, eləcə də digər qalan hissələrini birlikdə icra olunmasını anlamalıdırlar. Orada hər bir tərəfin öz öhdəlikləri var. O ki qaldı Rusiyanın vasitəçilik səylərinə və Azərbaycan tərəfinin bu vasitəçilik səylərini nüfuzdan salıb-salmamasına, mən yeni üçtərəfli razılaşmalara qayıda bilərəm. Rusiya Federasiyasını nüfuzdan salmağı sadəcə istəmirlər, ABŞ, Avropa İttifaqı və NATO açıq şəkildə bunu deyirlər. Mən bunu “diplomatik basqın” adlandırardım. Onlar Rusiyanın aktiv iştirakını nəzərdə tutan sənədlərin əsas prinsiplərini birbaşa pozaraq üçtərəfli razılaşmaları özünküləşdirməyə, bütün bu işlərə özlərinin kuratorluğunu tətbiq etməyə cəhd edirlər”, deyə Rusiya XİN başçısı qeyd edib.
Lavrov bu məsələnin erməni həmkarı ilə danışıqlarda da müzakirə olunduğunu söyləyib: “Mövcud vəziyyətə vicdanla baxdıq. O, obyektiv (Qərbin danışıqlar prosesinə müdaxilə cəhdləri-red.) şəkildə mövcuddur. Biz vəziyyəti normal və işgüzar müstəviyə necə qaytarmağı müzakirə etdik. Mənə elə gəlir ki, bu gün bizdə müəyyən anlayışa nail olundu”.