Estoniyada silah gəzdirmək icazəsi yalnız bu ölkədə yaşamaq icazəsi olan Aİ və NATO-ya üzv ölkələrin vətəndaşlarına veriləcək.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, Estoniya parlamenti silah haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Səsvermədə 101 deputatdan 67-si düzəlişlərin lehinə səs verib.
“Estoniya vətəndaşlığı, Avropa İttifaqının digər üzv dövlətinin vətəndaşlığı və ya NATO üzvü olan dövlətin vətəndaşlığı olmayan bütün şəxslər Estoniyada silah sahibi olmaq hüququnu itirəcəklər”, - Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets mətbuat konfransında deyib.
Dəyişikliklər ölkədə daimi yaşayan 683 əcnəbiyə, əsasən Rusiya və Belarus vətəndaşlarına, eləcə də ovçuluq və digər silahlara malik olan 595 vətəndaşlığı olmayan şəxsə şamil ediləcək.
“Onlar üçün silah icazələri etibarsız sayılacaq, yeni icazələrin verilməsi isə dayandırılacaq. Vətəndaşlığı müəyyən edilməmiş şəxslərə verilən icazələr onlarda göstərilən tarixə qədər, beş ildən çox olmayaraq etibarlıdır. Digər əcnəbilərə verilən icazələr bir il müddətində etibarlıdır”, - parlamentin mətbuat xidmətindən bildiriblər.