Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir – Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının 59-cu sessiyasında iştirak edən zaman televiziya kanallarına verdiyi müsahibədə Zəngəzur dəhlizinin hər iki başında, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı təklif irəli sürdüyünü bildirib.
“Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”, - deyə, Azərbaycan Prezidenti qeyd edib.
İlham Əliyevin bu çıxışı “Zəngəzur və Laçın dəhlizləri eyni rejimdə işləməlidir” mövqeyinin rəsmi şəkildə elan edilməsidir.
Münxen Təhlükəsizlik Konfransında irəli sürülən təkliflə bağlı siyasi şərhçi və ekspertlər münasibət bildiriblər. Politoloq Asif Nərimanlı
Missiya.Az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi 10 noyabr bəyanatında Azərbaycandan Naxçıvana “maneəsiz keçid”in verilməsi məntiqi ilə əksini tapsa da Ermənistan razılaşmada “dəhliz” ifadəsinin olmadığını iddia edərək bundan imtina edir:
“Rusiyadan fərqli olaraq, Qərb Azərbaycandan Naxçıvana gedən yolun “dəhliz” yox, “yol” məntiqi – nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə açılmasından yanadır. Bu məsələ ilk dəfə Brüssel görüşündə gündəmə gələndə Bakı “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” prinsipini irəli sürdü və bu gedişlə hər iki platformada – Qərb və Rusiya masasında proseslərin inkişafına uyğun qazanclı çıxmaq manevri etdi. Bu, həm də beynəlxalq oyunçuların –Qərbin və Rusiyanın istəklərini Azərbaycanın maraqlarına uyğunlaşdırmaqdır”.Asif Nərimanlı əlavə edib ki, İlham Əliyevin sözlərindən Münxen görüşündə kommunikasiyanın hansı prinsiplə açılması müzakirə edildiyi aydın olur. İrəvan “yol məntiqi”ni irəli sürüb, Bakı da buna uyğun təklif verib:
“Zəngəzur dəhlizinin hər iki başında – həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Naxçıvan MR-na daxil olan hissəsində və Laçın rayonu ilə Ermənistan arasında – Laçın dəhlizinin Gorusa çıxan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradılır.
Politoloq qeyd edib ki, indi Bakının rəsmi şəkildə irəli sürdüyü təklifə İrəvan cavab verməlidir. Ermənistanın cavabı görüşdə bildirməməsi təsadüfi deyil. Çünki, bunun Rusiya tərəfindən sərt qarşılanacağını anlayırlar və belə demək mümkünsə, “ümid etdikləri Qərb masasından qazanclı çıxmaq istədikləri yerdə, özlərini daha çətin vəziyyətə salırlar”, - deyə, A. Nərimanlı qeyd edib.
Zərintac MAYİSQIZI
Missiya.Az