Son günlər bütün dünyada medianın gündəmində əsas mövzuya çevrilmiş olan Türkiyə və Suriyada baş vermiş güclü zəlzələ yəqin ki son 100 ilin ən dəhşətli, faciəvi fəlakətlərdən biri kimi tarixdə qalacaq. Demək olar ki, dinindən, irqindən asılı olmayaraq bütün ölkələr, xalqlar bu hadisəni hüznlə qarşıladı və imkanları daxilində hər iki ölkəyə yardım etmək üçün səfərbər oldular.O cümlədən Niderland Krallığının Den Haag şəhərində yerləşən Hollandiya-Azərbaycan Türk Kültür dərnəyi də zəlzələnin ilk saatlarından zərər görmüş insanlara yardım kampaniyasına başladı və hal hazırda da həmin kampaniya davam etməkdədir.
Bu gün dərnəyin yerləşdiyi binada faciədə dünyasını dəyişmiş insanların ruhunu yad etmək məqsədi ilə görüş keçirilib.
İştirakçılar həlak olan insanları bir dəqiqəlik sükutla yad ediblər. Haaqa şəhəri məscidlərinin axundları Qurani Kərimdən şəhidlərin ruhuna dualar oxuduqdan sonra açılış sözü ilə tədbir iştirakçılarını salamlayan dərnək başqanı İlhan Aşqın başladıqları yardım kampaniyası ilə bağlı qısaca məlumat verib. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev öz çıxışında vəfat edənlərin ailələrinə baş sağlığı verib, yaralılara şəfalar diləyib. Səfir bundan sonra da Azərbaycan və Türkiyə qardaşlığının əbədi davam etməsi üçün hər iki dövlətin insanlarının səylərini daha da artırmalı olduğunu qeyd edib.
Daha sonra çıxış edən Məscidi Kuba məscidinin imamı Osman bəy bu ağır gündə Türkiyə xalqının yanında olduqları üçün hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda iştirakçılara rəhmətə gedən insanların ruhu üçün ehsan verilib.
Əli
Missiya.Az