AZ   |   RU
Nazir: "Bundan sonra da nə qədər ehtiyac olacaqsa, Türkiyənin yanındayıq"

"Qardaş ölkə olaraq biz ilk dəqiqədən olduğu kimi bundan sonra da nə qədər ehtiyac olacaqsa, Türkiyənin yanındayıq".

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər kəs qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar çox böyük sarsıntı keçirib: "Bu bizim üçün də olduqca böyük bir zərbə idi. Zəlzələ baş verən ilk saatlardan Azərbaycan Türkiyənin yanında olduğunu bəyan etdi. Prezidentin tapşırığına əsasən zəlzələdən bir neçə saat sonra Azərbaycandan ilk heyət Türkiyəyə yola düşdü".

"Dünyasını dəyişən insanların yaxınlarına, ailələrinə, türk millətinə Azərbaycan xalqı və dövləti adından dərin hüznlə başsağlığı verirəm. Əminik ki, bu ağır imtahandan qüdrətli Türkiyə dövləti və qəhrəman türk milləti alnıaçıq, üzüağ çıxacaq. İnsanlara kömək etmək və yaralıların sağlığına tez qovuşmasına dəstək olmaq əsas prioritetlərimizdəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın bütün bölgə xəstəxanalarında xüsusi çarpayılar ayrılıb. Azərbaycan ehtiyac olan qədər Türkiyədən xəstələri qəbul etməyə hazırdır", - C.Bayramov bildirib.


  • 11-02-2023, 16:42