AZ   |   RU
Avropa Parlamentinin erməni terroruna dəstək qətnaməsinin bumeranq effekti – ŞƏRH


Avropa Parlamenti yanvarın 18-də keçirilən iclasında Laçın-Xankəndi yolu ilə bağlı Azərbaycan əleyhinə qətnamə qəbul edib. Qətnamədə əksini tapan iddialar böhtan xarakterli olmaqla yanaşı həm də detallarına qədər yanlışdır.  

1. Gündəliyə daxil edilən mövzunun adı belədir: "Dağlıq Qarabağın blokadasının humanitar nəticələri". Xatırladırıq: 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsindən sonra Dağlıq Qarabağ adlı ərazi Qarabağ İqtisadi rayonu adlandırıldı. Azərbaycanın 14 iqtisadi rayonundan biridir, tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri daxildir. 

2. Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko əraziyə gəlmədən, araşdırma aparmadan, heç bir fakta söykənmədən rəsmi Bakını Laçın dəhlizinin blokadasına son qoymağa çağırıb. “Blokada”nın varlığını göstərən arqumentə malik olmayan Yelena xanım təbii ki, məruzəsini Fransadan olan erməni diasporunun pulu və təzyiqi ilə hazırlayıb. Avropa Parlamentinin yunanıstanlı vitse-prezidenti Eva Kailinin adının ötən ay milyonlarla dollarlıq korrupsiyada hallanması hadisəsindən sonra Yelena Zovkanın yalan danışmasının kökündə maddi təhrikin dayandığı ehtimalı artır. Avropa Parlamenti də bu kimi böhtanlara nəzərən yanlış qərar qəbul edirsə, nufuzuna vurula irqçi damğasını növbəti dəfə təsdiqlətdirmiş olur. 

3. Qətnamədə Azərbaycanın Ermənistanı hərbi təcavüzə məruz qoyduğu sərsəmləməsi də yer alıb.  Bu azmış kimi, meyitxanaya atılan “Madrid prinsipləri”nə nəzərən məsləhətlər verilir.
Azərbaycan ərazilərini 28 il işğal altında saxlayan, azərbaycanlılara qarşı soyqırımlar törədən, cəbhə bölgəsindən kənarda olan ərazilərə raketlər ataraq qətliamlar yaşadan, Qarabağdakı şəhərləri, kəndləri yür üzündən silən, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyan, dini, mədəni abidələri, qəbirləri dağıdan, bütün ərazilərə kütləvi minalar basdıran və xəritələri verməyən, kapitulyasiya aktından sonra da terror hücumlarını dayandırmayan, Xankəndində quldur yuvası quraraq Azərbaycana məxsus “Dəmirli” mis-molibden və “Qızılbulaq” qızıl mədənlərinin qanunsuz istismarını həyata keçirən, erməni əsilli azərbaycanlıları girovluqda saxlayan kimdirsə təcəvüzkar odur. Bunun əksini ancaq anormal düşüncəyə dalaraq, reallıq hissini itirərək, qərəzin mahiyyətindən qidalanaraq, özünə, sözünə hörmət qoymayan beyin sahibləri söyləyərlər. “Madrid prinsipləri”ni də, BMT-nin qətnamələrini də Azərbayacan 44 gün içərisində sonuncu nidaya qədər həll edib. Boşuna vaxt itirməklə, erməniləri aldatmaqla Qafqazda sülhün yaranmasına əngəl olursunuz, Avropa Parlamenti kimi bir qurumun imicini aşağılayırsınız, bu qitədən seçilən deputatları rəzil vəziyyətə salırsınız. Avropa Parlamenti əvvəl də belə mövqe tutmuşdu. 30 il ərzində Ermənistanın işğalına qarşı çox loyal məzmunlu uzağı iki qətnamə qəbul etmişdi. 

4.
Azərbaycanın eko-fəalları “Dəmirli” mis-molibden və “Qızılbulaq” qızıl mədənlərinin qanunsuz istismarına qarşı tələblərlə Laçın-Xankəndi yolunda dekabrın 12-dən aksiyaya başlayıblar. Bugünə qədər ərazidən Qızıl Xaç Komitəsinin, sülhməramlıların, eləcə də ərzaq avtomobillərinin keçməsinə heç bir maneə yaradılmayıb. Ermənilər etiraf edir ki, 1 ay ərzində 450-dən çox maşın buraxılıb. 

5. Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ ərazisində yaşayan ermənilərin Laçın-Xankəndi yoluna görə humanitar böhran yaşadıqları ilə bağlı deyilənlər orada terrorçuluq fəaliyyəti göstərən revanşist qüvvələrin dezinformasiyasıdır. Ümumiyyətlə, həmin ərazilərdə iddia olundu kimi, 120 min deyil, 25-30 min erməni yaşayır. Onlar da  Azərbaycan vətəndaşlarıdır. 

6.
Vətən müharibəsindən sonra 300-ə qədər Azərbaycan vətəndaşı mina qurbanı olub. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarını ərazilərimizdən tam şəkildə çıxarmır, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol açılmayıb. Avropa Parlamenti hələ də Ermənistana bu yöndə çağırış ünvanlamayıb. 

7. Ermənistan Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü,  suverenliyini tanıyıb. Belə olan təqdirdə Avropa Parlamentinin son qətnaməsi Qarabağdakı erməni terrorçularına dəstək verməkdir, onları Azərbaycana qarışı yeni münaqişələrə təhrik etmək cəhdidir.  

Bəs nəticə Azərbaycana hansı dərəcədə təsir edəcək?  

Azərbaycan 30 il müddətində çox böyük böhtanlarla üzləşdi, Ermənistanın işğalçı hərəkətini dəstəkləyən ölkələr hər yolla Azərbaycanın əleyhinə işlər apardılar. Bu yolda ATƏT-in Minsk Qrupu qərəzli xislətinə qurban getdi, “Madrid prinsipləri” əsassız bəyanatlar, qətnamələr, qərarlar yoxluğa gömüldülər.  Nəticə Şuşaya Azərbaycan bayrağının sancılması ilə yekunlaşdı. Növbəti humanist hədəf Qafqazada tam və davamlı sülhə nail olmaqdır. Azərbaycan iradəsindən dönən deyil. Xatırlayırıq: Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Hazırda layihə Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. 

Daha bir xatırlatma: 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, dekabr 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşması imzalandı.  

Azərbaycan Prezidentinin Davos Forumunda uğurlu görüşlər keçirdiyini hətta Ermənistan mediası da etiraf edir. Belə ərəfədə Avropa Parlamentinin heç bir çərçivəyə sığmayan qətnaməsi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrə problem yaratmaq niyyəti güdür. Əsl gerçəkliksə odur ki, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq genişlənməyə bilməz. 

Jurnalist Ekspert Mərkəzi

  • 19-01-2023, 21:59