AZ   |   RU
Ali Baş Komandan: "Azərbaycan Ordusu müharibə zamanı öz gücünü göstərdi"

"Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid oldu. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi".

Missiya.Az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dövlət başçısı deyib: “Yadımdadır, biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın”.

Prezident qeyd edib ki, verdiyimiz siqnallar ünvana çatmadığı üçün biz məcbur olub öz gücümüzü göstərdik, müharibədə Ordumuzun gücünü göstərdik.
“44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

  • 10-01-2023, 20:24