AZ   |   RU
“Biz Yəməndə atəşkəs razılaşmasına və tezliklə siyasi nizamlanmaya ümid edirik” - Çavuşoğlu

“Türkiyə ərzaq, səhiyyə, təhsil və təhlükəsizlik sahələri də daxil olmaqla, Yəmən xalqını dəstəkləmək üçün səylərini davam etdirəcək”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada yəmənli həmkarı Əhməd Avad bin Mübarəklə birgə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ukraynadan gələn 37 min ton taxıl Türkiyədə un halına salınıb, sonra isə Yəmən xalqına ötürülüb. Burada geniş miqyaslı humanitar böhran davam edir. Ankara bu istiqamətdə addımlarını davam etdirəcək”, - deyə Çavuşoğlu bildirib.

Türkiyəli nazir vurğulayıb ki, biz Yəməndə atəşkəs razılaşmasının bərpasına və qardaş ölkədə tezliklə siyasi nizamlanmaya ümid edirik.

Türkiyə diplomatiyasının rəhbəri Yəmənlə iqtisadi əlaqələrə də diqqət çəkib. “Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ildə 1,1 milyard dollara çatır. Türkiyə bu gün Yəmənə dördüncü məhsul idxalçısıdır”, - deyə Çavuşoğlu qeyd edib.

Bundan əlavə, Çavuşoğlu Yəməndən olan həmkarını Antalyadakı Diplomatik Foruma dəvət edib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 22-12-2022, 12:41