Azərbaycanın vətəndaş cəmiyyəti institutu nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyada iştirak Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinə də nəsib oldu. Aksiyanı ekoloji sahə üzrə ixtisaslaşan QHT-lər başlatmışdı. Təşkilat rəhbərləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonuna daxil olan bəzi ərazilərdə Azərbaycana məxsus faydalı qazıntı yataqlarının ermənilərin təşkilatçılığı ilə qanunsuz istismarına son qoyulmasını tələb edir. Xüsusən “Qızılbulaq” “Dəmirli” mis-molibden yataqlarındakı talançılıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kosmik görüntülərə əsasən apardığı monitorinqlər nəticəsində müəyyənləşdirilib. Bu məlumat ölkə mediasında yayılan kimi, ümummilli məsələlərdə vahid hədəfə doğru birlikdə irəliləməyi bacaran QHT-lər “Eko terrora son” şüarıyla etiraz aksiyası qərarı verdilər.
Məkan: Şuşa-Xankənd yolu.
Qınaq obyekti: Sərvətlərimizin talanmasına şərait yaradan, göz yuman, nəzarət etməyi bacarmayan “sülhməramlılar”.
Tələb: Yolumuzdan çəkilin, monitorinq qrupu Qarabağın ermənilər yaşadığı ərazilərdə sərvətlərimizin talanması faktları üzrə araşdırmalara başlasın.
Hər ötən gün aksiyaya qoşulmaq istəyən vətəndaş cəmiyyəti təmsilçilərinin sayı artırdı. Digər sahələr üzrə ixtisaslaşan QHT-lər, jurnalistlər, aktivistlər, ümumiyyətlə müxtəlif sferaların təmsilçiləri də Şuşaya getmək, haqlı tələblərə əməl edilənə qədər aksiyanın davamlılığına dəstək olmağa səy göstərirdilər. Təşkilatçı eko-QHT-lər könüllü müraciətlər əsasında siyahılar hazırlayır, marşrutların qrafikini müəyyənləşdirir, zəruri təminatların təhcizatına çalışır, növbəlilik əsasında səfərləri gerçəkləşdirirdi.
4-cü gün növbə JEM-ə də çatdı. 21:00-da iki avtobus Şuşaya yola düşdü. Hər iki avtobusun sərnişinləri bir-birini yaxından tanıyırdılar. QHT təmsilçiləri media nümayəndələri, ictimai fəallar müxtəlif tədbirlər çərçivəsində mütəmadi bir araya gəlirlər deyə, münasibətlərdə səmimiyyət anındaca nəzərə çarpır. Təşkilatçıların tövsiyələrinə diqqətlə yanaşmaq, müzakirələrdə faktlara əsaslanmaq, qarşılıqlı fikirləri səbrlə dinləmək, analizləri real vəziyyətə uyğun aparmaq, bir-birinə qaygöstərmək və bu kimi hallar layiqli davranış mənzərəsi yaratmışdı.
“Köhnələr”dən olan istedadlı jurnalist həmkarlarım Mürtəza Bünyadlının, Zülfüqar Xeyirxəbərin bizimlə bir yerdə gedəcəyini biləndə sevindim. Çoxdanıncı illəri xatırlayacaq, jurnalistikanın müxtəlif dönəmlərində yaşadığımız hadisələrdən danışacaq, səmərəli fikir mübadiləsi aparacağıq. Təbii ki, bütün söhbətlərimizin qayəsini Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası təşkil edəcək.Aksiyaya səbəb olan hadisənin tarixinə nəzər salırıq. “Belə-belə işlər” videolayihəsi çərçivəsində təqdim olunan faktlara diqqət kəsilirik:
2020-ci ilə qədər "Qızılbulaq" və "Dəmirli" yataqları "Base Metals" şirkəti tərəfindən istismar olunub. Şirkət 2019-cu ildə Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəyib. "Base Metals" "Vallex Group" holdinqinin tərkib hissəidir, sahibi Rusiya vətəndaşı Valeri Meclumyandır. "Vallex Group" işğal dövründə Kəlbəcərin "Heyvalı" yatağını istismar edərək qurudub. 2009-2010 cu illərdə 400 min ton filiz emal edilib. Halbuki bu müddətdə emal həddi 150 min olmalı idi. Şirkət "Heyvalı"nı qurudandan sonra 2011-ci ildə keçmiş Ağdərə rayonundakı "Kaşen" - "Dəmirli" yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz əsasən Avropa ölkələrinə ixrac edilir. İranın "Kavoshgaran Consulting Energineers şirkətinin əməkdaşları da "Dəmirli" yatağının istismarına cəlb olunub. Şirkətin rəsmi saytında "Dəmirli" yatağı Ermənistan ərazisindəki mədən kimi göstərilib.
Azərbaycanın Baş Prokurorluğu 2018-ci ildə işğal altındakı ərazilərin sərvətlərin talanması faktı üzrə beynəlxalq məhkəmələrə müraciət ünvanlayb. "Base Metals" və "Vallex" şirkətlərinin Kəlbəcərdə yerləşən "Qızılbulaq" Qızıl-Mis-Kolçedan yatağının 2009-2017-ci illərdə amansız istismarı nəticəsində 179 milyon dollar qazndığı sübuta yetirilib. "Vallex Group"dan "Eurasianet" saytına verilən açıqlamada bir-birindən 15 kilometr uzaqlıqda yerləşən "Qızılbulaq" və "Dəmirli" yataqlarının İkinci Qarabağ döyüşlərindən sonra istismarının dayandırıldığı yazılıb.
Lakin qısa müddətdən sonra "sülhməramlıların" nəzarətində olan bu yataqlarda yenidən qanunsuz fəaliyyət başlanılıb. Həmin qızıl yataqlarının istismarı ilə bağlı sertifikat 1997-ci ildə Azərbaycan hökuməti tərəfindən "Anglo-Asian Mining" şirkətinə verilib.Bu faktların yaratdığı ağır təsirin müşayətində günün şüarını da müəyyənləşdirdik.
“Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”. 1988-90-cı il hadisələri ilə paralellər aparırıq. Oxşar vəziyyət yaranıb.
“Topxanada iş gedir, Bakıda nümayiş gedir” – 34 il öncə səsləndirilən şüarlar da ekoloji terrora son qoyulması tələbindən yaranmışdı. Viranedici təfəkkürə malik faşist erməni idarəedicilərinin xisləti və əməli dəyişməyib. Vətən müharibəsində 44 günə məğlub olan erməni başçısı kapitulyasiya aktını imzalamağa vadar oldu. 44 gün 34 ilin cavabını layiqli verdi. Təslim olduğuna razılıq imzası atan tərəf yenədəmi qalib ölkənin sərvətlərini talamaqda davam edəcək, yenədəmi Azərbaycan ərazilərində quldur dəstələri terrorçu fəaliyyət göstərəcək, yenədəmi mülki ermənilər o silahlıların girovunda qalacaq, yenədəmi münaqişə ocağı alovlanacaq?..
Şuşa-Xankəndi yolunda rus sülhməramlısı ilə üz-üzə dayanan ictimaiyyət nümayəndələri bu kimi sualların cavablarını almaq üçün nümayiş keçirirlər.
Biz çatanda 03:00-idi. Dəmir çəlləklərdə ocaqlar yanırdı. Çadırların sağında və solunda sülhməramlıllarla aksiyaçılar üz-üzə dayanmışdı.
Ətrafı Azərbaycan polisləri, DİN-in Daxili Qoşunlarının əsgərləri əhatayə almışdı. Sivil aksiya olduğu həm görünüşündən, həm iştirakçıların davranışından, həm də sülhməramlıların səssizliyindən aydın anlaşılırdı. Aksiyanın xarakterindən onun vətəndaş cəmiyyəti instutunun birgə hazırladığı VƏTƏN layihəsi olduğu qənaəti orada olduğumuz müddətdə qəti şəkil aldı. Layihənin donoru xalqdır. Atalar sözlərinə böyük önəm verirəm.
“El bir olsa, dağ oynadar yerindən” məsələni gün ərzində bir neçə dəfə söylədim.
Məqsədimizin sözlərlə ifadəsi olan plakatlar əlimizdə, dilimizdəsə bu şuarlar:
“Sərvətimizin istismarına son qoyulsun, Laçın dəhlizi açılsın, ermənilər girovlqudan azad edilsinlər, ərazilərimizdəki silahlı dəstələr tərkisilah olunsunlar, sülhməramlıların müvəqqəti hərbi xidmət keçdiyi ərazilərdə Azərbaycanın müvafiq orqanlarnın nəzarət mətəqələri yaradılsın, ekologiya mütəxəssislərindən ibarət monitorinq qrupunun talanan yataqlarda araşdırmalarına şərait yaradılsın”. Tarixi sutka yaşadıq. Aksiyada qalıb iştirakımızı davam etdirmək istəyirdik. Bakıdan növbəti avtobusların gəldiyini dedilər. QHT-lər növbəlilik sistemi üzrə siyahı yaradıblar. Hər bir təmsilçi könüllü qoşulub. Təşkilatçı ictimai birliklər müraciət edənləri qeydiyyata götürərək uyğun tarixdə Şuşaya yola salırlar. QHT sektorunun vahid şəkildə ərsəyə gətirdiyi VƏTƏN layihəsi 8 gündür beləcə uğurla icra olunur. Səhərlərimiz Şuşa-Xankəndi yolunda ucadan səsləndirilən Azərbaycan himni ilə açılır.
Geri dönürük. Ürəyimiz aksiyaçıların yanında qalıb. Bizi əvəz edən həmkarlarımıza telefon açıb vəziyyətləri barədə soruşuruq. Yaxşıdırlar. Sonrakı günlər sülhməramlıları futbola baxmağa qonaq etdiklərini gördük. Mədəni davranışa malik Azərbaycan xalqının “Şuşa-Xankəndi yolu” nümunəsi ölkələrini mif-ə qurban verən erməni cəmiyyətinə də maarifləndirici dərsdir. Bizi qarşılayan və yola salan Zəfər yolunda yəqin əksəriyyətimizin xəyalına zəfərə doğru sıldırımlarla qalxan qəhrəmanlarmız gəlir. Qayadan qələbəyə, qələbədən hamar yola. Azərbaycan yol bağlamır, yol açır, yol göstərir!
Şuşa-Xankəndi yolunda keçirilən aksiya əslində bağlı yolu açdı, düyünün çözülə biləcəyi nöqtəni göstərdi.
Jurnalist Ekspert Mərkəzinin sədri
Ceyhun Musaoğlu