AZ   |   RU
"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi. 90 dəqiqə layiqli mübarizə apardıq və bu cür komandaya qarşı sonadək vuruşduq".

Missiya.Az
xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis matçın ağır keçdiyini söyləyib: "Əslində çətin olacağını bilirdik. Demək olar ki, 2 həftə ərzində üçüncü dəfə “Qarabağ”la qarşılaşırdıq. Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir".

O bildirib ki, heyət geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynayıb: "Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib".

Baxşıyev hazırda avrokuboklar haqqında düşünmədiklərini vurğulayıb: "Premyer Liqada ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək".

Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında Bakıda keçirilmiş ilk oyunu 2:2 hesabı ilə başa çatdığından "qırmızı-qaralar" ev qələbəsi hesabına yarımfinala adlayıb.


  • 19-12-2022, 19:03