Litva, Finlandiya, Estoniya, Latviya, Polşa və Almaniyadan olan altı qaz operatoru hidrogen infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə layihənin iştirakçılarından olan Litvanın “Amber Grid” şirkəti məlumat yayıb.
Layihə “Şimal-Baltik Hidrogen Dəhlizi” adlandırılıb. Sazişdə “Amber Grid”dən başqa, “Gasgrid Finland” (Finlandiya), “Elering” (Estoniya), “Conexus Baltic Grid” (Latviya), “Gaz-System” (Polşa) və “Ontras” (Almaniya) şirkətləri də iştirak edir.
“Dəhlizlə Baltik dənizi regionunda hasil edilən “yaşıl” hidrogen nəql eləmək mümkün olacaq. Bu, bütün dəhliz boyunca, eləcə də Mərkəzi Avropada istehlakçıları təmin etmək üçün nəqldir. Bundan əlavə, Baltik dənizi ətrafında hidrogen infrastrukturu daha da inkişaf etdikcə güclü hidrogen bazarı yaradıla bilər”, - məlumatda deyilir.
2023-cü ildə layihənin inkişafının birinci mərhələsində tərəfdaşlar ilkin texniki-iqtisadi əsaslandırmanı hazırlayacaqlar. İlkin texniki-iqtisadi əsaslandırmanın tövsiyələri əsasında layihənin inkişafının davam etdirilməsi barədə qərar qəbul ediləcək. Növbəti mərhələlərə layihələndirmə və icazə, tikinti və istismara verilmə daxildir.
Layihənin regionun enerji təhlükəsizliyini gücləndirəcəyi, idxal olunan qalıq enerjidən asılılığı azaldacağı və dəhliz boyu ev təsərrüfatlarının və enerji tutumlu sənayelərin karbon izinin azaldılmasında mühüm rol oynayacağı gözlənilir.