AZ   |   RU
İranda dini liderin qətli: Riqininin ölüm fərmanını kim verib? - ŞƏRH

Tehran rejimini son etiraz aksiyalarına görə sərt tənqid edən, bəlucların milli hüquqlarının pozulduğunu bildirən sünni din xadimi Mövləvi Əbdülvahid Riqini dekabrın 9-da oğurlanaraq qətlə yetirilməsi hadisəsi barədə xəbər Azərbaycanın bəzi media orqanında tərcümə xətası ilə dərc olunub.

Mövzu ilə bağlı danışan ekspertlər də yanlış mənada yayılan informasiyaya uyğun açıqlamalar veriblər.

Missiy.az-
ın məlumatına görə, məsələyə  Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu diqqət çəkib. 
O, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bəlucların dini lideri Riqninin qətlinə görə verdiyi başsağlığı mətninin fars dilində tərcüməsində tamam fərqli fikir səsləndirdiyini vurğulayıb və açıqlamasında aydınlıq gətirib. 

Vüqar Zifəroğlu belə deyib: 
Bizim internet portallarımız və qəzetlərimiz mətni düzgün tərcümə etməyiblər, nəticədə mətndə qətlin "rus muzdluları" tərəfindən həyata keçirildiyinin yer aldığı barədə informasiya gedib və hətta buna "ekspertlərimiz" münasibət bildirib. Əslində isə bəyanatda fars dilində "qatelan rusiyahənd" (yəni, "qatillər üzüqaradırlar") ifadəsi işlənib, yəni burada rus muzdlularından söhbət getmir.

Həm həmkarlarımızdan, həm də çox hörmətli ekspertlərimizdən Yaxın Şərq, xüsusilə İranla bağlı məsələlərə münasibət bildirərkən diqqətli olmalarını xahiş edirəm".

Riqinin yalnız Sistan-Bəlucistan əyalətində deyil, ümumiyyətlə İran əhli-sünnə cameəsində böyük nüfuza malik din xadim olduğunu xatırladan ekspert onun qətlinin  xüsusi olaraq hazırlanmış icraat kimi qiymətləndirib və hadisədə iki əsas versiyanın hər ikisinin mümkün hesab etdiyini söyləyib:
"1. Qətli Tehran rejiminə bağlı qüvvələr həyata keçirib. Məqsəd sünni icmasını, xüsusilə də bəlucları lidersiz qoymaq, hərəkatı zəiflətmək, hətta hərəkatda önə çıxan digər liderlərin gözlərini qorxutmaqdır;

2. Qətli prosesin daha kəskin qarşıdurmaya keçməsində maraqlı olan xarici xüsusi xidmət orqanları həyata keçirib. Məqsəd qisasçılıq hissləri üzərində qarşıdurmanı daha da körükləmək, sünni icmasının mübarizəsini daha da stimullaşdırmaqdır. 
Səbəbin hansı olmasından asılı olmayaraq, Riqininin qətli ciddi nəticələrə səbəb ola bilər".



  • 14-12-2022, 21:40