Bazar 15 İyun 2025 / 7:37:28
                    AZ   |   RU
Bu gün Rəşid Behbudovun doğum günüdür

Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 107-ci ildönümü tamam olur.

Missiya.Az
xatırladır ki, “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm” ifaları ilə sevib seçilən dahi sənətkar Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə  dünyaya gəlmişdir.  

Uşaq yaşlarından məktəb xorunda oxuyan sənətçi 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub. 

Rəşid Behbudov, 1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur.

Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayan R.Behbudov Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya kimi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə “Rəşidiyyə” adlandırılıb.

Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz nümunəvi sənət əsərinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Unudulmaz sənətkar, 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

Qeyd edək ki, Xalq artistinin 2015-ci ilin 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yübileyi qeyd olunub.

Allah rəhmət eləsin!

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 14-12-2022, 12:48