AZ   |   RU
"Ərəb payızı"

Dünya futbolunda daha bir dönəm qapanmaq üzrədi. 10 ildən çoxdu davam edən Ronaldu-Messi rəqabəti Qətərin susuz səhralarında qürub yaşayır.

Bəlkə də, an etibarı ilə də olsa, bu mübarizədə erkən təslim olan Ronaldudu. Messi Argentinasının yarımfinala yüksəlməsi və çempionluq şanslarını saxlaması, Cənubi amerikalını tərəzinin gözündə ağır göstərir. 2016 Avropa çempionatı istisna olmaqla, Portuqaliya millisinin kapitanı isə Avro 2004-dən bu yana adət etdiyimiz göz yaşları ilə Qətərdə də kameralara hədəf oldu. Sələfləri Eysebio və Fiqudan fərqli olaraq ölkəsinə qitə birinciliyini qazandıran canlı əfsanənin bundan artığına gücü çatmadı. Planetin ən nüfuzlu futbol turnirindən ona, ondan futbol tarixinə qalan isə hələ uzun müddət yenilənməyən rekordları olacaq yəqin ki.

Azarkeşlər Argentina-Portuqaliya finalını arzulayıb, futbolun qütbləşən ulduzlarına bir dünya kuboku borcunun olduğunu düşündüyü halda, Mərakeş möcüzəsi hər şeyi alt-üst etdi. Piriney təmsilçilərini bir-birinin ardınca yarımadalarına əli boş yola salan müsəlman afrikalılar yarımfinala çıxmaqla, qara qitə üçün yeni etalon müəyyən etdilər. Bütövlükdə, sönməkdə olan 4 ulduzdan ikisi-Ronaldu və Neymarın "ərəb payızı"nın erkən  düşən yarpaqları olduğu Qətərdə Messi və Modriç dueli ilə karyeralarının parlaq dövrünü yaşayan Mbappe və Hakimi dueli yarımfinal çütlərinin prinsipiallığını artıran əsas amildir.

Ronaldu və Neymara müəssər olmayan karyeralarını zirvədə tamamlamaq xoşbəxtliyi, Messi və Modriç ikilisindən birinə nəsib olacaqmı?
Ya hələ də bu ünvana yeganə olaraq Zidan sahib olacaq?
Bu sualların cavabına dekabrın 18-də aydınlıq gələcək.

Ədalət Abdullayev
Missiya.Az


  • 11-12-2022, 02:16