"Fransa Milli Assambleyasının ölkənin xarici siyasətinə qarışmaq səlahiyyəti yoxdur".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Fransa bürosuna açıqlamasında ölkənin “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə hazırladığı qətnamə layihəsini şərh edərkən bildirib.
O deyib ki, ölkə qanunlarına əsasən Fransada xarici siyasətlə məşğul olmaq yalnız ölkə prezidentinə həvalə olunub.
Jurnalist vurğulayıb ki, Fransa Milli Assambleyasının xarici siyasət yürütmək səlahiyyəti yoxdur. Rəsmi Parisin xarici siyasəti ilə prezidentin məşğul olduğunu diqqətə çatdıran Jan Mişel Brən söyləyib ki, Milli Assambleyanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə tamamilə əsassızdır: "Fransa BMT-nin Təhlükəsizlik Şurasının Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin bu bölgədən çıxarılmasını tələb edən 4 qətnaməsinə imza atıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini tanıyan BMT qətnaməsinə imza atdığı halda bu gün fransalı deputatların Azərbaycanın Ermənistan ərazisini işğal etdiyini iddia edən sənəd qəbul etmək cəhdləri tamamilə yersiz və mənasızdır".
Onun sözlərinə görə, bu gün Fransada 700-800 minə yaxın erməni yaşayır və deputat və senatorların onların səslərinə ehtiyacları var: "Ermənilər əsasən ölkənin üç regionunda məskunlaşıblar. Deputat və senatorların həmin ermənilərin səslərinə ehtiyacları var. Bu səbəbdən də ermənilər onlar üçün əhəmiyyətlidirlər. Deputat və senatorların istədikləri yenidən seçilməkdir. Lakin Frananın ermənilərdən daha əhəmiyyəətli maraqları mövcuddur. Fransanın Azərbaycanın enerji resurslarına ehtiyacı var".
Jan Mişel Brən bu gün artıq Fransanın beynəlxalq aləmdə səsinin eşidilmədiyini bildirib: "Biz artıq 15 ilə yaxındır ki, sevdiyimiz Fransanı itirmişik. Keçmişdə Fransanın sözü keçirdi, "Yox" deyə bilirdi. Vaxtilə Şarl de Qol NATO-ya "yox" deyib, Jak Şirak İraq müharibəsinə qarşı çıxıb. Bu gün isə artıq Fransanın səsi eşidilmir. Buna səbəb də sözünün üstündə dayana bilməməsidir. Fransa BMT-nin Təhlükəsizlik Şurasının və keçmiş Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həlli üçün cavabdeh ölkə idi. Lakin o tutduğu vəzifəsinin öhdəsindən gələ bilmədi, verdiyi sözün üstündə dura bilmədi. Bu səbəbdən də artıq dünyada Fransaya inam itib. Fransa dünyada təsir dairəsini itirməkdədir. Xüsusilə, Qafqaz və Orta Asiya arasında yerləşən həm iqtisadi, həm sosial, həm mədəni tərəqqi dövrünü yaşayan bu bölgədə Fransa nüfuzunu itirməkdədir. Bu regionun böyük gələcəyi var. Ümid edirəm Fransa hökuməti bundan sonra daha plüralist siyasət yürütməyə nail olacaq".